Ostində yarış zamanı hava günəşli və quru olub.. Hava temperatiri 28-29 dərəcə, asfalt temperaturu 46 dərəcə olaraq qeydə alınıb.
Artıq üçüncü ildir ki, Ostin mərhələsi şənbə sprint formatında keçirilir və bu dəfə bu format yarışa əlavə intriqa qatıb. Yeganə cümə məşqində Lando Norris lider olub, sprint sıralanma turunu, sprinti və əsas sıralanma turunu isə ötən il olduğu kimi Maks Ferstappen qazanıb.
Ancaq azarkeşlər qalibləri deyil, məğlubları müzakirə ediblər. Xüsusilə də sprintin ilk döngəsində bir-biri ilə toqquşaraq yarışı davam etdirə bilməyən McLaren pilotlarını… Red Bull bu vəziyyətdən maksimum faydalanıb, Ferstappen isə çempionatdakı fərqi daha da azaldıb.
Əsas sıralanma turu da maraqlı keçib. Ayzek Hacar maşınını qəzaya uğradıb və yalnız stüardların icazəsi ilə start ala bilib. Finalda Ferstappenin bir cəhdi kifayət edib. O, ən yaxın rəqibini 0.3 saniyə qabaqlayıb və bu, ilk onluq arasında ən böyük fərq olub. Red Bull bolidi bir daha ən sürətli maşın olduğunu sübut edib və komanda nümayəndələri mövsümün bütün qalan yarışlarını qazanmağın mümkün olduğunu bildiriblər.
Pirelli Ostinə “birini buraxaraq” tərkiblər gətirib – C1, C3 və C4 müvafiq olaraq Hard, Medium və Soft kimi istifadə olunub. Yarışa Okon, Elbon və Hacar Hard, Lekler, Bortoleto və Stroll Soft, digərləri isə Medium təkərlərlə start veriblər.
Startdan əvvəl Racing Bulls mexanikləri Liam Lousonun maşınını qaldırıcıdan salıblar və arxa qanadı zədələyiblər. Qanad startda ehtiyat hissə ilə dəyişdirilib.
Startda Ferstappen liderliyini qoruyub. Lekler Norrisi keçib. Rassell iki yer itirib, Həmilton və Piastrini buraxıb. Alonso Hülkenberq və Tsunodanı önə buraxıb. Berman Antonellini keçib, Tsunoda isə Hülkenberqi qabaqlayıb.
Elbon və Bortoleto toqquşublar, amma yarışa davam ediblər. Stüardlar Okonun mümkün erkən startını araşdırıblar, ancaq pozuntu tapmayıblar.
2-ci dövrədə ilk onluq belə olub: Ferstappen – Lekler – Norris – Həmilton – Piastri – Rassell – Antonelli – Berman – Sayns – Tsunoda.
Ferstappen tezliklə Leklerdən uzaqlaşıb. Norris bir neçə dəfə hücum edib, lakin ötmə etmək mümkün olmayıb. 6-cı dövrədə Antonelli və Sayns 15-ci döngədə toqquşublar. Sayns maşını trasda saxlayıb və mübarizəni dayandırıb, Antonelli isə yavaş tempdə boksa qayıdıb. Virtual təhlükəsizlik maşını rejimi elan olunub. Yarışdan sonra Saynsa Meksiko yarışının startında 5 yer itirmə və 2 cərimə balı verilib.
7-ci dövrədə Elbon pitə girib. 9-cu dövrədə restart olub. Norris Leklerdən iki saniyə geri düşüb, amma sonra fərqi azaldıb. 12-ci dövrədə Stroll Kolapintonu keçib.
12-ci dövrədə ilk onluq belə olub: Ferstappen – Lekler – Norris – Həmilton – Piastri – Rassell – Tsunoda – Berman – Hülkenberq – Alonso.
15-ci dövrədə Bortoleto, 20-ci dövrədə Stroll pitə girib. Norris 21-ci dövrədə Lekleri keçib və ikinci yerə yüksəlib. 23-cü dövrədə Lekler təkərləri dəyişib, 25-də Okon, 28-də Qasli pitə girib, 29-da Lekler Bermanı keçib.
29-34-cü dövrələrdə ardıcıl pitlər baş verib. Ferstappen 34-cü dövrədə təkər dəyişib və liderliyini qoruyub. Rassell 12-ci döngədə əyləc zonasını qaçırıb, amma maşına zərər dəyməyib.
35-ci dövrədə ilk onluq belə olub: Ferstappen – Lekler – Norris – Həmilton – Piastri – Rassell – Tsunoda – Berman – Hülkenberq – Elbon.
Elbon və Bortoleto daha sonra ikinci dəfə pitə giriblər. Onlar trayektoriyanı dəfələrlə pozduqları üçün xəbərdarlıq alıblar. Norris yenə də Leklerə yaxınlaşıb, amma onu keçməkdə çətinlik çəkib və təkərlər sürətlə aşınıb. Yarışın 52-ci dövrəsində Norris Lekleri 12-ci döngədə keçib.
52-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Lekler – Həmilton – Piastri – Rassell – Tsunoda – Hülkenberq – Berman – Alonso.
53-cü dövrədə Hacar Qaslini keçib. Son dövrələrdə Kolapinto və Qasli 17-ci yer uğrunda mübarizə aparıblar, komanda mövqeləri qorumağı tapşırsa da, Kolapinto Qaslini, ardınca isə Bortoleto Qaslini keçib.
Maks Ferstappen ABŞ Qran Prisini qazanaraq karyerasında 68-ci, mövsümdə isə 5-ci qələbəsini əldə edib. Lando Norris ikinci, Şarl Lekler isə üçüncü olub.
Çempionatda vəziyyət daha da gərginləşib. Növbəti yarış gələn həftə Meksikada – Hermanos Rodrigez avtodromunda keçiriləcək.
Şərh əlavə et