Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Müxtəlif strategiyalar ola bilər

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, həm bir pit-stoplu, həm də iki pit-stoplu strategiya eyni dərəcədə effektivdir.

Pirelli-nin yarış bölməsinin rəhbəri Mario İzola, Ostində həm sprintdə, həm də sıralanma turunda qalib gələn Maks Ferstappenin çıxışını dəyərləndirib və bazargünkü yarış üçün təkər strategiyası variantları barədə danışıb.

Mario İzola: “Gözlədiyimiz kimi, bütün pilotlar sprintə Medium tərkibi ilə başladılar. Fərq yalnız o idi ki, kimisi yeni, kimisi isə artıq işlənmiş dəsti seçmişdi. Təkərlərin yeyilməsi yüksək idi, amma bunu gözləyirdik. Təhlükəsizlik avtomobilindən sonra pilotlar təkərlərin vəziyyəti barədə çox düşünmədən maksimum tempdə sürə bildilər.

Sıralanma turunda bütün nəticələr yeni Soft dəstində göstərildi. Yüksək temperatur səbəbindən birinci cəhddən sonra təkərlərin effektivliyini bərpa etmək çətin idi. Buna görə də pilotların rəqiblərini keçməsi üçün demək olar yalnız bir cəhdi vardı və dövrəvi gözləniləndən bir qədər zəif alındı.

Yarış üçün Hard tərkibi də qəbul edilə bilən variant sayılır, çünki onun Mediumla sürət fərqi gözləniləndən az oldu. Bütün mövcud tərkibləri nəzərə alaraq, bir neçə fərqli strategiya tətbiq etmək mümkündür. Onların hamısı dövrə vaxtı baxımından bir-birinə yaxın görünürlər.

Əgər ilk hissəni Mediumla 20–26-cı dövrəyə qədər uzatmaq mümkün olsa, yarış bir pit-stopla da keçilə bilər. Bu halda son hissədə C1 istifadə olunacaq. Amma iki pit-stoplu strategiya (Soft və Medium) də eyni dərəcədə effektivdir: Softla start, 12–18-ci dövrələr arasında Medium-a keçid, daha sonra isə komanda qərar verir – son hissədə Mediumdan istifadə etmək yoxsa ikinci hissəni uzadıb finişdə Softla əlavə sürət qazanmaq…

Medium və Softla bir pit-stop strategiyası isə çox ehtiyatlı təkər idarəçiliyi tələb edir və temp itkisi riski daşıyır, buna görə biz bu variantı az ehtimal edirik.

Ostində bir daha gördük ki, pilotlar iki əlavə amilə diqqət yetirməlidirlər: küləkli hava və nahamar asfalt. Birincisi, əyləcləmə zamanı bloklanma riskini artırır və təkərlərin optimal işləmə intervalını daraldır. Nahamar səth isə mikro sürüşmələrə səbəb olur, bu da təkərlərin temperaturunu qaldırır və onların termal idarəsini çətinləşdirir”.

Rauf Hacıyev

Şərh əlavə et