Sıralanma turu zamanı Ostində hava şəraiti günəşli və quru olub: havanın temperaturu 34 dərəcə, asfaltın temperaturu isə 44-48 dərəcə civarında ölçülüb.
Sprint formatında keçirilən mərhələlərin sayı artsa da Ostindəki sprint Formula 1 tarixində 22-ci olub. Ardıcıl iki sıralanma turu və iki yarışın eyni həftəsonunda keçirilməsi hələ də azarkeşlərə bir qədər qəribə görünür. Liberty Media rəhbərliyi isə bu formatı uğurlu hesab edir.
Cümə günü baş tutan yeganə məşq sessiyasında Lando Norris ən sürətli olub. Ardınca keçirilən sprintin sıralanma turunu və sprint yarışını –ötən il olduğu kimi Maks Ferstappen qazanıb. Lakin tribunalar daha çox qalibləri deyil, uduzanları – xüsusilə sprintin startında toqquşaraq yarışı tərk edən McLaren sürücülərini müzakirə edib. “Papaya qaydaları” bu dəfə komandanı xilas etməyib və rəhbərlik səhv axtarışına çıxıb. Bu vəziyyətdən yalnız Ferstappen razı qalıb, çünki bu nəticə ona McLaren pilotlarına yaxınlaşmaq imkanı verib. Hətta Helmut Marko zarafatla bildirib ki, “əsas yarışda da buna bənzər hadisə bizə lazımdlr.”
Əsas yarışın sıralanma turu isə komandalar üçün yeni başlanğıc imkanı yaradıb. McLaren bokslarında bərpa işləri son dəqiqələrədək davam edib.
Pirelli ABŞ trası üçün C1, C3 və C4 tərkibləri gətirib. Sıralanma turunda bütün sürücülər Soft təkərlərlə çıxış ediblər.
İlk sessiyanın cəmi bir dəqiqəsi geridə qalmış, Ayzek Hacar maşınını 6-cı döngədə baryerə çırpıb və sessiyanın qırmızı bayraqlarla dayanmasına səbəb olub. O, maşının idarəetməsini itirib, kerbin üzərindən keçərək, bariyerlərə çırpılıb. Xoşbəxtlikdən, Hacar özü kokpitdən çıxıb və tibbi müayinə üçün mərkəzə göndərilib. Maşın evakuasiya edilib və sessiya on dəqiqəlik fasilədən sonra bərpa olunub.
İkinci cəhdlərdə əksıriyyət köhnə təkərlərlə trasa çıxıb. Norris ilk cəhdini tras hüdudlarını aşdığı üçün itirsə də, ikinci dövrəsini təmiz şəkildə tamamlayıb. Ferstappen 1:33.207-lik nəticə ilə ən sürətli olub, McLaren-in sürücüləri Oskar Piastri və Lando Norris isə yalnız 12-ci və 13-cü yerlərlə kifayətləniblər.
İkinci sessiyada trasın temperaturu bir qədər azalsa da, qüvvələr nisbətinə təsir göstərməyib. Ferstappen 1:32.701 zaman nəticəsi ilə yeni standart müəyyənləşdirib və heç kim bu göstəricini yaxşılaşdıra bilməyib.
Final sessiyasında sürücülər nəticələrini möhkəmləndirmək üçün bir daha trasa çıxıblar. Ferstappenin son yarışlarda artan tempi bir daha özünü göstərib və rəqiblər ona yaxınlaşa bilməyib.
Maks Ferstappen ilk cəhdində 1:32.510 dövrə ilə fərq yaratmağa nail olub. Norris ona təxminən üç onluq uduzaraq ikinci, Piastri isə yalnız altıncı yerdə qərarlaşıb.
Şərh əlavə et