Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Ehtiyatlı davranmaq lazımdır

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, o, təcrübəli pilotların ehtiyatlı davranmasını gözləyirmiş.

İki pilotu titul uğrunda mübarizə aparan komanda üçün tam heyətlə mübarizəni dayandırmaq baş verə biləcək ən pis ssenaridir. Çünki belə nəticə rəqibləri, xüsusilə də Red Bull Racing-i sevindirib. Ostindəki sprintin qalibi Maks Ferstappen, Oskar Piastri və Lando Norrisə daha 8 xal yaxınlaşıb.

McLaren komandasının rəhbəri Andrea Stella baş verənlərə münasibət bildirərkən deyib: “Biz məyusuq, çünki yarışda iştirak etmək imkanından məhrum olduq. Birinci döngədəki insident səbəbindən hər iki bolid mübarizəni dayandırdı. Təəccüblüdür ki, bəzi çox təcrübəli pilotlar birinci döngədə lazımi ehtiyatı göstərmədilər. Halbuki əvvəlcə başqalarına zərər verməyəcəyinə əmin olmalısan, sonra artıq öz mübarizəni davam etdirə bilərsən.

Ümumilikdə, məyusuq, ancaq dözümlülük göstərməyə hazırıq. İndi əsas məsələ – bolidlərin bərpasına maksimum diqqət yetirməkdir. Görüləsi iş çoxdur. Bundan sonra həftəsonuna sanki yenidən başlamaq lazım gələcək. Rəqabət baxımından vəziyyətimiz pis deyil. Ümid edirik ki, bazar günü yarışı problemsiz keçirə və bolidlərin potensialından tam yararlana biləcəyik. İndi əsas məqsəd  xal qazanmağa davam etməkdir.

Mən heç kimi qəsdən hərəkətdə günahlandırmıram, sadəcə təcrübəli pilotlardan bir az daha çox uzaqgörənlik gözləyirdim. Əgər bir az ehtiyatlı davransaydı, hamı üçün daha yaxşı nəticə olardı.

Nəticələrə gəlincə, riyazi tərəfdən hər iki pilotla birlikdə 8 xal itirdik. Amma əsas məsələ işimizə fokuslanmaqdır. Biz bilirik ki, normal şəkildə yarışları tamamlaya bilsək, hər şey öz axarına düşəcək, çünki çox sürətli bolidlərimiz və iki güclü pilotumuz var. Ümid edək ki, qarşıdakı yarış problemsiz keçəcək”.

Rauf Hacıyev

Şərh əlavə et