Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Avstraliya: Kuartararo son anda poulda!

MotoGP üzrə Avstraliya Qran Prisinin sıralanma turları Filipp Aylənd trasında baş tutub və poulu Yamaha komandasının sürücüsü Fabio Kuartararo qazanıb.

2021-ci ilin Dünya Çempionu son cəhdində möhtəşəm performans göstərib və bumövsümkü beşinci poulunu əldə edib. Fransız pilot sessiyanın son dəqiqələrində onuncu yerdən liderliyə yüksələrək, demək olar ki, artıq əlində olduğu düşünülən birinciliyi Aprilia komandasının sürücüsü Marko Bezzekkinin əlindən alıb. Kuartararonun tempi Yamaha-nın son həftələrdəki inkişafını nümayiş etdirib.

Yerli azarkeşlər qarşısında yarışan Cek Miller də günün ulduzlarından biri olub. Avstraliyalı pilot son cəhdində üçüncü nəticəni göstərərək, iki Yamaha sürücüsü ilə birlikdə ilk cərgəyə yüksəlməyi bacarıb.

İkinci yeri Bezzekki tutub. Raul Fernandes, Pedro Akosta və Aleks Markes müvafiq olaraq, 4-6-cı yerlərdə qərarlaşıblar. Aleks Markes gün ərzində iki dəfə yıxılsa da, Ducati sürücüləri arasında ən sürətli nəticəni göstərib.

Birinci sessiyadan Fermin Aldequer və Cek Miller birbaşa ikinci sessiyaya yüksəliblər, KTM komandasının sürücüsü Bred Binder isə iki fərqli insident səbəbilə yarış stüardlarının diqqətinə düşüb. O, əvvəlcə Lorentso Savadori ilə toqquşub, daha sonra isə Yohan Zarkonu saxlayaraq, iki ayrı araşdırmaya səbəb olub.

İkinci sessiyada Marko Bezzekkinin dövrəsini əngəllədiyi iddia olunan Françesko Banyaya və Luka Marini barədə də FIM tərəfindən araşdırma başladılıb.

Rauf Hacıyev

Şərh əlavə et