Xəbəri Kokpitdə Oxuyun!

ABŞ Sprint: Ferstappen yüksəlişə davam edir

Amerika Qran Prisinin sprint sıralanma turunda poulu Maks Ferstappen qazanıb. Lando Norris ikinci, Oskar Piastri isə üçüncü yerləri tutublar.

Ostində sprint sıralanma turu isti və quru hava şəraitində keçib.  Havanın temperaturu 33 dərəcə, asfaltın temperatiru 42–44 dərəcə olub.

Mövsümdə altı sprint həftəsonundan üçü ilk yarıda keçirilib. Qalan üçü isə ikinci hissədə keçiriləcək. ABŞ Qran Prisi artıq üçüncü ildir ki, bu formatda baş tutur. Cümə günü keçirilən bir saatlıq yeganə məşqdən sonra sprint üçün sıralanma turuna start verilib.

Tribunalar səhərdən dolmuşdu. Günorta saatlarında təşkilatçılar qızmar günəş altında azarkeşləri əyləndirir, axşam isə onları əsas hadisəyə — kimisi üçün sıralanma turuna, kimisi üçün isə yarışsonrası konsert proqramına hazırlayırdılar.

Pirelli bu mərhələyə  C1, C3 və C4 tərkibləri (Hard, Medium, Soft) gətirib. Reqlamentə əsasən, ilk iki sessiyada yalnız Medium, finalda isə yalnız Soft təkərlərdən istifadə oluna bilərdi. Havanın və asfaltın temperaturu məşqlə müqayisədə artmışdı, pilotlar isə küləyin ani dəyişikliklərindən şikayətlənirdilər.

Birinci sessiya:

İlk olaraq Ayzek Hacar trasda görünüb, lakin digərləri də boksda çox qalmayıblar. Medium təkərlər bir neçə ardıcıl dövrə atmağa imkan verirdi və pilotlar təkərləri ideal vəziyyətə gətirməyə çalışırdılar. Lakin tıxac əksər sürücülərə mane olub.

İlk cəhddə Maks Ferstappen 1:34.140 zaman nəticəsi ilə lider idi. Niderlandlı pilot növbəti dövrədə zamanını yaxşılaşdırsa da, Norris ondan daha sürətli dövrə atıb – 1:33.224. Tsunoda və Louson ilk sektorda toqquşma həddinə çatıblar, Louson rəqibini trasdan kənara sıxışdırıb.

Bir neçə pilotun nəticəsi tras sərhədlərini aşdığı üçün ləğv edilib və Bortoleto vaxtsız qalıb. Onunla birlikdə Berman, Kolapinto, Tsunoda və Okon mübarizəni dayandırıb.

İkinci sessiya:

Ferstappen yenə də 1:33.163-lük dövrə ilə protokola başçılıq edib, lakin Norris onu yenidən keçib – 1:33.033.

Louson, Hülkenberq, Hacar və Qasli ilk cəhdlərini təxirə salaraq yalnız sessiyanın son 3 dəqiqəsində trasda görünüblər. Ferstappen və Norris isə ikinci cəhdə ehtiyac duymayıblar. Nəticə dəyişməyib: Norris lider, Ferstappen ikinci.

Final sessiyasına keçə bilməyənlər: Antonelli, Hacar, Qasli, Stroll və Louson (onun dövrəsi ləğv edilib).

Final sessiyası:

Bütün pilotlar Soft təkərlərlə trasa çıxıblar və sürətlər yüksəlib. İlk dövrəyə Rassell, Sayns və Elbon başlayıblar, Rassell 1:32.888 zaman nəticəsi göstərib.

Daha sonra digərləri də trasda görünüblər. Hülkenberq 1:32.645-lik dövrə ilə sürpriz şəkildə liderliyə yüksəlib və  yalnız üç pilot onu keçə bilib. Onlardan ən sürətlisi Maks Ferstappen olub — 1:32.143.

Nəticə

Ferstappen karyerasında 10-cu dəfə sprint sıralanma turunun qalibi olub.

Startda onun yanında cəmi 0.07 saniyə geridə qalan Lando Norris yer alacaq.

Start düzülüşü:

  1. Ferstappen
  2. Norris
  3. Piastri
  4. Hülkenberq
  5. Rassell
  6. Alonso
  7. Sayns
  8. Həmilton
  9. Elbon
  10. Lekler

Rauf Hacıyev

Şərh əlavə et