Kokpit.az xatırladır ki, həmin məşqlərdə Lando Norris hamıdan sürətli olub. Lakin qısa yarışın sıralanma turunda isə Maks Ferstappen poulun sahibi olub. Start düzümündə birinci cərgədə Ferstappen və Norris, ikinci cərgədə Piastri və gözlənilmədən ön sıralara yüksəlmiş Hülkenberq, üçüncü cərgədə isə Rassell və Alonso yer alıblar.
Pirelli bura C1, C3 və C4 tərkiblərini gətirib. Startda bütün pilotlar keçən il olduğu kimi, Medium təkərləri seçiblər.
Startda Ferstappen liderliyini qoruyub. Piastri Hülkenberqlə çarpışdıqdan sonra Norrisə də dəyib və nəticədə hər iki McLaren pilotu yarışı dayandırıb. Rassell ikinci yerə yüksəlib, Sayns üçüncü olub. Alonso da mübarizəni dayandırıb. Hülkenberq isə 15-ci yerə geriləyib.
McLaren-in ön qanadı Tsunodanın maşınının altına ilişib, sonra trasın üzərinə çıxaraq asfaltı qırıntılarla örtüb. Təhlükəsizlik Maşını trasda peyda olub. 3-cü dövrədə ilk onluq: Ferstappen – Rassell – Sayns – Lekler – Həmilton – Elbon – Tsunoda – Berman – Qasli – Antonelli.
6-cı dövrədə restart elan edilib. Ferstappen liderliyini qoruyub. 9-cu dövrədə Rassell liderlik uğrunda Ferstappenə hücum edib. Hər iki pilot 12-ci döngədə trasın hüdudlarını aşıb, amma eyni ardıcıllıqla geri qayıdıb. Stüardlar heç kəsi cərimələməyib. Bundan sonra Rassell temp itirib.
10-cu dövrədə Həmilton səhvə yol verən Lekleri keçib və dördüncü yerə yüksəlib, ardınca da fərqi açıb. 15-ci dövrədə ilk onluq: Ferstappen – Rassell – Sayns – Həmilton – Lekler – Elbon – Tsunoda – Berman – Antonelli – Louson.
16-cı dövrədə TM yenidən trasda peyda olub – Ləns Stroll və Esteban Okon birinci döngədə əyləcləmə zamanı toqquşublar və hər ikisi yarışı dayandırıb. Berman trasın hüdudlarından kənarda əldə etdiyi üstünlüyü qaytarmadığı üçün 10 saniyəlik cəza alıb.
Yarış TM arxasında başa çatıb. Maks Ferstappen sprintlərdə indiyə qədərki 13-cü qələbəsini qazanıb. İkinci yeri Corc Rassell, üçüncü yeri isə Karlos Sayns tutub. McLaren sürücülərinin xalsız qalması fonunda Maks fərqi daha 8 xal azaldıb.
Növbədə isə bu gecə baş tutacaq sıralanma turu var…
Şərh əlavə et