Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Hazırda çox geridəyik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, o, yenidən yüksək pillələrə qayıtmaq üçün əlindən gələni edir.

Kokpit.az xatırladır ki, monakolu sürücü iyulda keçirilən Belçika Qran Prisindən bəri podiuma yüksələ bilməyib. Ferrari komandasının pilotu mövcud nəticələrdən məyusdur, amma komandada ruh yüksəkliyini qorumağa çalışır və mövsümün qalan mərhələlərində daha yaxşı nəticələr əldə etməyi qarşısına məqsəd qoyub.

Şarl Lekler: “Hazırda aldığımız nəticələr bizi məyus edir və podiumsuz evə qayıtmaq çox üzücüdür. Bu, təkcə mənim deyil, bütün komandanın hiss etdiyi bir şeydir. Biz Ferrari-də məqsədlərimizi aydın şəkildə bilirik və nə etməli olduğumuzu anlayırıq.

Hazırda istədiyimiz səviyyədən uzağıq və hər dəfə gözlənilən nəticəni əldə edə bilməyəndə komandada hamı kimi mən də məyus oluram. Amma bizdə bu mənfi tendensiyanı qırmaq və mövsümün sonunadək nəsə xüsusi bir şey əldə etmək üçün böyük motivasiya var.

Bizdə McLaren və ya Red Bull-un sahib olduğu xalis sürət yoxdur. Hətta indi Mercedes də bizdən bir qədər irəlidədir. Amma əgər hər şeyi ideal şəkildə yerinə yetirsək, geridə qalmayacağıq.

Əgər hər şeyi mükəmməl etsək, yaxşı nəticə qazanmaq imkanlarımız olacaq. Xüsusilə də sprint formatlı həftəsonlarında… Buna görə də Ostindəki yarışın başlanmasını səbirsizliklə gözləyirəm. Ancaq son bir neçə mərhələnin gedişatını nəzərə alsaq, asan olmayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et