Kokpit.az xatırladır ki, Həmilton Marina Baydakı yarışın son hissəsində əyləc problemi yaşadığı üçün finişə qədər bir neçə dəfə tras hüdudlarını aşmışdı və buna görə də yarışdan sonra 5 saniyəlik zaman cəzası almışdı.
İkiqat Dünya Çempionu Fernando Alonso zarafatla bu qərardan məmnun qaldığını deyib: “Lyuisə verilən cəzadan razı qaldım, çünki bu mənə mövqe qazandırdı. Əslində bir saniyə də bəs idi, əlavə dörd saniyəyə ehtiyac yox idi” – deyə gülümsəyərək bildirib.
İspan pilot həmçinin yarış zamanı yayımlanan radio mesajları barədə də danışıb. Onun fikrincə, televiziyada nümayiş etdirilən radio danışıqları çox vaxt kontekstdən çıxarılır və izləyicilərdə yanlış təəssürat yaradır: “Radio mesajlarımız bəzən çox səhv şəkildə təqdim olunur. Bu, hansı mesajların yayımlanacağına qərar verən şəxsdən asılıdır. Mesajların 99,9 faizi yanlış başa düşülür, çünki bunlar mühəndisinizlə və komandanızla olan şəxsi söhbətlərdir. Bütün bu ssenariləri bazar günü səhər strategiya toplantısında müzakirə edirsiniz.
Əlbəttə, yayımlanan hissələr yarışın əyləncəli tərəfini artırır. Məncə, bu sistemdə bir qədər şəffaflıq artırılmalıdır”.
Mövsümün bitməsinə 6 yarış qalmış, çempionluq mübarizəsinin McLaren pilotları ilə Maks Ferstappen arasında gedəcəyi gözlənilir.
2025-ci ildə dünya çempionunun kim olacağı sualına Fernando Alonso belə cavab verib: “Təxmin etmək çətindir. İki McLaren pilotu hal-hazırda xal baxımından üstün vəziyyətdədir. Amma Maks inanılmaz dərəcədə güclü sürücüdür. Əgər bir pilot maşının çatışmazlıqlarını kompensasiya edə bilərsə, o da Ferstappendir. Nələr olacağını görəcəyik”.
Şərh əlavə et