Corc Rassellin Mercedes komandası ilə müqaviləsinin uzadılması barədə danışıqlar kifayət qədər uzun çəkmişdi. Mövzu ətrafında çoxsaylı söz-söhbətlər gəzsə də, komanda nəhayət çərşənbə günü gələn il üçün heyətini rəsmi şəkildə təsdiqləyib.
Britaniyalı sürücünün sözlərinə görə, o, məhz Mercedesin baza komandasının tərkibində dünya çempionu olmaq üçün ən yaxşı şansa malikdir. Bununla belə, Corc etiraf edib ki, danışıqların maliyyə hissəsi əvvəlkilərə nisbətən daha çətin keçib.
Corc Rassell: “Mercedes üçün çıxışımı davam etdirəcəyimə görə çox sevinirəm. Amma bir həqiqəti də deməliyəm: əgər gələn il bütün komandalar məni heyətinə götürmək istəsəydi və seçim imkanım olsaydı, yenə də düşünürəm ki, məhz Mercedesdə çempionluq qazanmaq üçün ən yaxşı şansım olardı. Mənim üçün yarışlar qazanmaq imkanı puldan, sponsor tədbirlərində iştirakdan və digər şeylərdən daha önəmlidir.
Mən qələbə qazanmaq istəyirəm və bunun üçün mübarizə aparıram, əlavə sözüm yoxdur. İstənilən sürücü üçün yaxşı nəticələrin hər şeydən vacib olduğunu düşünürəm. Mənim üçün də belədir: yüksək səviyyədə çıxış etdiyimi bildiyim zaman rahatlıqla yata bilirəm. Məhz bu hiss istənilən sürücünü karyerasını davam etdirməyə vadar edir.
Mən Mercedesdə uzun müddət qalmaq niyyətindəyəm və məqsədimiz 2026-cı ildə çempionluq uğrunda mübarizə aparmaqdır. Müqaviləmin şərtlərinə gəlincə, burada həm komandanın, həm də mənim vəziyyətimlə bağlı müəyyən amilləri nəzərə almaq lazımdır.
Əgər Toto istəsəydi, şərtləri çox daha sərt qoya bilərdi, lakin düşünürəm ki, o, yüksək nəticə göstərən sürücülərin əməyinin dəyərləndirilməsinin vacibliyini anlayır. Məhz buna görə indi üzüm gülür: mənə edilən təklifdən çox razı qaldım. Bunu bir növ bonus kimi görürəm, amma əsas məqsədim sürətli bir maşına sahib olmaqdır”.
Şərh əlavə et