Pit yolunun açılması ilə başlayan 45 dəqiqəlik sessiyanın əvvəlində Marko Bezzekki 1:28.667-lik nəticə ilə ən sürətli oluz Franko Morbidelli isə ilk döngədə qəza edib. Françesko Banyaya bu anda motosikletində yaranan titrəmə səbəbindən dövrəsini yarımçıq saxlayaraq boksa qayıdıb.
Sessiyanın ortalarına doğru Bred Binder Bezzekkidən cəmi 0.013 saniyə daha sürətli dövrə ataraq, liderliyi ələ keçirib. Fabio Di Cannanntonio isə üçüncü pilləyə yüksəlib. Bu mərhələdə demək olar ki, bütün sürücülər Soft ön və Medium arxa təkər kombinasiyasından istifadə edirdilər. Yalnız Pol Esparqaro və Françesko Banyaya ön təkərdə Medium seçimi ilə trasa çıxmışdılar.
Son dəqiqələrə yaxın Aleks Markes birinci yerə yüksəlib, Pedro Akosta ikinci, Yohann Zarko isə üçüncü idi. Lakin son sözü Cek Miller deyib: o, 1:28.281 nəticə ilə zirvəni ələ keçirib. Aleks Markes ikinci, Pedro Akosta isə üçüncü olub.
Dördüncü və beşinci yerləri Fermin Aldequar və Fabio Kiartararo tutub. Marko Bezzekki isə altıncı nəticə göstərib.
Sessiyanın sonunda Xoan Mir motosikletindən tüstü çıxması səbəbindən kənara çəkilməli olub. Həmçinin Aleks Markes və Miqel Oliveyra arasında baş verən insident stüardlar tərəfindən araşdırılır.
Şərh əlavə et