Səhər sürücülər sıralanma tempində işə başlayıblar. Sürətlər tədricən artıb və testlərin ilk saatında Custi, Taponen, Kolnañi və Del Pino bir-birini liderlikdə əvəzləyiblər. Sessiyanın başlanmasından 70 dəqiqə sonra ilk qırmızı bayraqlar qaldırılıb. Buna Mixael Şinin səkkizinci döngədə dayanması səbəb olub.
Testlər bərpa edildikdən sonra ən yaxşı nəticəni Uqo Uqoçukvu göstərib. Campos komandasının sürücüsü sessiyanın bitməsinə 45 dəqiqə qalmış nəticəsini bir daha yaxşılaşdırıb və bu göstərici günün sonuna qədər təkrarlanmadan qalıb.
Bir saatlıq nahar fasiləsindən sonra günün ikinci sessiyası bir neçə sürətli dövrə seriyası ilə başlayıb. Lakin komandalar və sürücülər əsas diqqəti yarış tempində işə yönəldiblər. Sessiya sakit keçsə də, bitməsinə iyirmi dəqiqə qalmış trasda yenidən qırmızı bayraqlar qaldırılıb.
Enso Delinyi üçüncü döngədə idarəetməni itirərək, çınqıllığa çıxıb. Prema komandasının sürücüsü trasda hərəkətini bərpa edib və boksa qayıda bilib, lakin asfalt üzərində çoxlu çınqıl qaldığından testlər yeddi dəqiqəlik fasilə ilə dayandırılıb.
Qalan vaxt ərzində ART komandasının polşalı sürücüsü Matsiye Qladaş bir dövrəni 1:29.003 saniyəyə qət edib.
Testlər cümə axşamı davam edəcək. Hitech TGR komandasında dəyişiklik gözlənilir. Belə ki, Mixael Şinin yerinə sükan arxasına Cozef Louk keçəcək.
Şərh əlavə et