Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Mercedes gələn il Rassell və Antonelli ilə yarışacaq

Mercedes komandası pilotları Corc Rassell və Kimi Antonelli ilə müqavilələrin 2026-cı il mövsümü üçün uzadıldığını təsdiqləyib.

Kokpit.az xatırladır ki,  Corc üçün gələn mövsüm Mercedes-də beşinci, Kimi üçün isə ikinci il olacaq. Komanda yeni müqavilələrin dəqiq müddətini açıqlamasa da, rəsmi press-relizdə yalnız 2026-cı ilin qeyd olunması və “çoxillik” ifadəsinin işlədilməməsi diqqəti cəlb edib.

Komandanın rəhbəri Toto Volff: “Pilot heyətinin təsdiqlənməsi uzadılıb-uzadılmaması məsələsi deyil, sadəcə zaman məsələsi idi. Tələsik qərar vermədik, çünki danışıqları düzgün şəkildə aparmaq və bütün tərəflərin razı qalmasına əmin olmaq istəyirdik. Məmnunam ki, bunu məhz istədiyimiz kimi etdik.

Corc və Kimi güclü pilot tandemi olduqlarını çoxdan sübut ediblər və biz əməkdaşlığın davam etməsinə şadıq. İndi komandanın bütün diqqəti mövsümün son altı yarışına yönəlib. Biz Mühəndislər Kubokunda ikinci yer uğrunda mübarizəni davam etdirəcəyik. Bundan sonra isə diqqətimizi 2026-cı ilə və Formula 1-də başlayacaq yeni eraya yönəldəcəyik”.

Corc Rassell: “Komanda ilə birgə yolumuza davam edəcəyimiz üçün çox qürurluyam. 2017-ci ildə Mercedes-lə ilk müqaviləmi imzalamışdım və gələn il bunun on ili tamam olacaq. İndiyədək Mercedes-lə uzun və uğurlu bir əməkdaşlıq qurmuşuq. İndi isə idman tarixindəki ən böyük reqlament dəyişikliklərindən birinə yaxınlaşarkən bizi nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm.

Biz hamımız uğur qazanmağa köklənmişik. Mənim üçün hazırkı mövsüm Formula 1-də ən uğurlu mövsümdür və bu, böyük nailiyyətlər üçün möhkəm təməl olacaq”.

Kimi Antonelli isə fikirlərini belə bölüşüb: “Komanda ilə davam edəcəyim üçün çox həyəcanlıyam. İlk ilimdə həm yaxşı, həm də çətin anlardan çox şey öyrənmişəm. Bu təcrübələr məni həm sürücü, həm də komanda yoldaşı kimi daha da gücləndirib. Mən Totoya və Brakli ilə Briksfortdakı bazalarda çalışan hər kəsə mənə göstərdikləri dəstəyə və inama görə təşəkkür etmək istəyirəm.

Hazırda diqqətimizi mövsümün güclü şəkildə başa vurulmasına və Mühəndislər Kubokunda ikinci yeri tutmağa yönəltmişik. Bundan sonra bütün diqqətimiz 2026-cı ilə yönələcək. Ancaq mövsümün qalan altı yarışında da çox şeyə nail olmaq mümkündür, buna görə də biz tam gücümüzlə mübarizə aparacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et