Kokpit.az xatırladır ki, “qırmızılar” keçən mövsüm Mühəndislər Kubokunda McLaren-ə cəmi 15 xal fərqlə uduzaraq, 16 ildən sonra ilk dəfə çempionluq ümidini yenidən alovlandırmışdı.
Lakin komanda bu mövsüm gözləntilərin çox gerisində qalıb. Hazırda Ferrari McLaren-dən 352 xal geri qalır. İtalyan təmsilçisi rəqibi Mercedes-dən 27 xal az, Red Bull-dan isə cəmi 8 xal çox xal toplayıb. Yəni ki, tiffozilər mövsümün sonunda dördüncü yerə enmək riski ilə üz-üzədir.
Komanda üçün yeganə təsəlli Şarl Leklerin qazandığı beş podium olub. Lyuis Həmilton isə yalnız Çində keçirilən sprint yarışında qələbə qazanıb və mövsüm ərzində iştirak etdiyi 18 Qran Pridən heç birində ilk üçlüyə düşə bilməyib.
Frederik Vassyör iyul ayında komanda içə müqaviləsini uzatsa da, fransızın rəhbərliyi altında hazırlanan SF-25 bolidi həm sürücüləri, həm də mühəndisləri məyus edib. Komanda daxilindəki bu problemlər artıq 2026 mövsümünə hansı formada başlayacaqları sualını gündəmə gətirir.
Keçmiş dünya çempionu Censon Batton hesab edir ki, Ferrari-də yaranmış bu təzyiq mühitinin əsas problemi “uğursuzluq qorxusu”dur: “Uğursuz olmaqdan qorxmamaq lazımdır. Amma Ferrari-də sanki hər kəs, istənilən anda qovula biləcəyini hiss edir. Bu, heç də xoş bir hiss deyil”.
Batton komanda daxilində davamlılığın və sabitliyin vacibliyini də vurğulayıb: “Komanda daxilində sabitlik çox önəmlidir. Bu, həm mühəndislərə, həm də sürücülərə inam hissi verir. Ümid edirəm gələn il bu vəziyyət təkrarlanmaz.
Mövsümün əvvəlində deyil, son yarışına qədər birlikdə qalmaq lazımdır, çünki 24 yarış ərzində çox şey dəyişəcək”.
Britaniyalı veteran sürücü sonda Ferrari haqqında belə deyib: “Məncə, Ferrari əslində çox yaxşı komandadır. Onların yaxşı rəhbərliyi və çox güclü, nadir tapılan pilot heyəti var.”
Şərh əlavə et