Bu barədə xəbəri ilk olaraq Almaniyanın F1-Insider nəşri yayıb. Mənbənin məlumatına görə, Ferrari-nin prezidenti Con Elkann hazırkı komanda rəhbəri Frederik Vassyörü vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə Kristian Horneri gətirməyi ciddi şəkildə nəzərdən keçirir.
Məlumata əsasən, Ferrari rəhbərliyi Vassyörün müqaviləsini qısa müddət əvvəl yeniləsə də, Elkann komandanın nəticələrindən narazıdır və diqqətini Hornerə yönəldib.
F1-Insider iddianı belə təqdim edib: “Belə görünür ki, Ferrari artıq Vassyördən qurtulmaq istəyir. Con Elkann karyerası ərzində 14 çempionluq qazanan Kristian Horneri gətirməyə fokuslanıb. Elkann emosional bir rəhbərdir. O, dünən düşündüyü ilə yox, bu gün hiss etdiyi ilə hərəkət edir.
Vassyörün müqaviləsi uzadılıb, lakin kreslosu yenidən təməldən silkələnib. Və elə bu anda Horner səhnəyə çıxır”.
Lakin bu mümkün keçidin əks-təsirləri də ola bilər. Hornerin Red Bull-dan ayrılacağı halda Maks Ferstappenin 2027-ci ildə Ferrari-yə transfer olma ehtimalı daha əvvəl gündəmə gəlmişdi.
Amma F1-Insider yazır ki, əgər Horner Maranelloya keçsə, bu ssenari tamamilə bağlana bilər: “Ferrari, Horneri gətirməklə əslində Ferstappenin transfer yolunu özü bağlamış olur. Hornerin Red Bull-da vəzifədən uzaqlaşdırılması, Ferstappenin komandada qalmasının əsas şərti idi”.
Beləliklə, Formula 1-də mövsümün sonuna yaxın həm Ferrari-nin idarəetmə strukturu, həm də Red Bull-un gələcək planları ətrafında maraqlı bir güc balansı formalaşmaq üzrədir.
Şərh əlavə et