Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də gərginlik var

Ferrari-də daxili gərginlik artır. İtaliya mətbuatı Sinqapur Qran Prisindən sonra komanda rəhbəri Frederik Vassör ilə baş mühəndis Matteo Toqninalli arasında “kəskin mübahisə” yaşandığını bildirib.

Corriere dello Sport qəzetinin məlumatına görə, komandanın son həftələrdə göstərdiyi zəif nəticələr Ferrari-də mənəvi vəziyyəti daha da pisləşdirib və mühəndislərlə rəhbərlik arasındakı gərginlik artıq açıq şəkildə hiss olunur.

Marina Bey trasında uğursuz həftəsonu keçirən Ferrari, Şarl Leklerin altıncı, Lyuis Həmiltonun isə əyləc problemi səbəbilə səkkizinci yerdə finiş görməsi ilə yenidən podiumdan uzaq qalıb.
Mercedes-in Sinqapurdakı qələbəsindən sonra xal fərqi daha da artıb və Ferrari mövsümün bitməsinə altı yarış qalmış hələ də qələbə sevinci yaşamayıb.

Komandanın mövsüm ortasında Belçikada təqdim etdiyi asılqan yeniliyi gözlənilən effekti verməyib. SF-25 bolidi hələ də yüksək sürüş hündürlüyü, əyləc istiliyi və altlıq yeyilməsi kimi xroniki problemlərlə mübarizə aparır.

Leklerkin Macarıstandakı gözlənilməz poulu da davamlı temp artımına çevrilməyib.

İddialara görə, Sinqapurdan sonra baş verən mübahisə tras mühəndisliyi bölməsinin strateji qərarları ilə bağlı olub.
Vassyör, seçilən texniki istiqamətlərin “komandanın inkişaf sürətini azaltdığını” iddia edib; Toqninalli isə hazırkı şəraitdə bolidin limitlərini sona qədər istifadə etdiklərini deyib.

Vassyörün müqaviləsinin uzadılması da komandanı dirçəldə bilməyib. Yay fasiləsindən bəri Ferrari rəqibi Williams-dan cəmi 6 xal çox toplaya bilib.

Həmilton, sürüş tərzinə daha uyğun olan sərt və ön tərəfdən sürüşməyə meyilli sazlamalardan yararlansa da, hələ də Ferrari-dəki ilk podiumunu gözləyir.

Texniki fikir ayrılıqlarına paralel olaraq, Leklerin gələcəyi də yenidən gündəmə gəlib. Monakolu pilotun Mercedes və Aston Martin kimi komandaların maraq dairəsində olduğu bildirilir.

Beləliklə, həm performans enişi, həm də idarəetmə daxilindəki qarşıdurmalar mövsümün son mərhələsinə yaxın Ferrari-dəki təzyiqi getdikcə artırır.

Rauf Hacıyev

Şərh əlavə et