Xəbəri Kokpitdə Oxuyun!

Formula 1 yeni serial təqdim edəcək

Gənc izləyici auditoriyasını genişləndirməyi qarşısına məqsəd qoyan Formula 1 cəsarətli eksperimentlərə əl atır. Onlardan biri də “Passenger Princess” (“Sərnişin şahzadə”) adlı dörd seriyalı serial olacaq. Layihədə Amelia Dimoldenberg iştirak edir və serial YouTube platformasında yayımlanacaq.

Sadə, amma əyləncəli süjet Amelianın sürücülük vəsiqəsi alma prosesi ətrafında qurulub. Onun təlimatçıları Formula 1 pilotları Corc Rassell, Oskar Piastri, Oliver BermanKarlos Sayns olacaqlar.

Serial Amelianın prodüserlik şirkəti Dimz Inc. ilə əməkdaşlıq çərçivəsində yaradılıb, çəkilişlər Belçika Qran Prisində – Spa trasında aparılıb və layihə Amelianın şəxsi YouTube kanalında yayımlanacaq.

Formula 1-in kommersiya direktoru Emili Preyzer: “Dimz Inc. ilə əməkdaşlıq Formula 1 üçün gənc və sürətlə böyüyən azarkeş auditoriyası ilə əlaqəni gücləndirmək istiqamətində daha bir addımdır. Serial Amelianın yumorunu və cazibəsini Formula 1-in dramatizmi və həyəcanı ilə birləşdirəcək. Azarkeşlərin bu layihəni izləyəcəyi anı səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et