Xəbəri Kokpitdə Oxuyun!

F3 testlərinə Custi yaxşı başlayıb

Çərşənbə axşamı İspaniyanın Xeres şəhərində Formula 3 üzrə iki günlük testlərə start verilib. Bu testlərdə debütantlar yeni bolid ilə tanış olmaq imkanı qazanıblar, təcrübəli sürücülər isə növbəti mövsümə hazırlığa başlayıblar.

Səhər sessiyası qızdırma dövrələri ilə başlayıb, daha sonra isə sürət üzərində işə keçilib. Hamı üçün ilk göstəricini Tuukka Taponen müəyyənləşdirib – o, bir dövrəni 1:31.556 saniyəyə tamamlayıb. MP Motorsport komandasının sürücüsü bu nəticə ilə Mattia Kolnaqidən təxminən 0.15 saniyə sürətli olub.

Sessiyanın ikinci saatının əvvəlində ilk dəfə qırmızı bayraqlar qaldırılıb. Buna səbəb Ceyms Vartonun 11-ci döngədə dayanması idi. Fasilə qısa sürüb və testlər bərpa olunduqdan sonra Freddi Sleyter cədvəlin zirvəsinə yüksəlib.

Lakin britaniyalı sürücünün liderliyi uzun çəkməyib. Uqo Uqoçukvu onun nəticəsini keçərək, dövrəni 1:31.223 saniyəyə tamamlayıb. Daha sonra sürücülər bir neçə sürətli dövrə seriyası keçiriblər və nəticədə Alessandro Custi ən yaxşı göstəriciyə imza atıb – 1:30.732. MP Motorsport pilotunun bu nəticəsinu günün sonuna qədər yaxşılaşdıra bilən sürücü olmayıb.

Günün ikinci yarısında, nahar fasiləsindən sonra, sürücülər yarış tempinə fokuslanaraq, işi davam etdiriblər. Sessiya iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Sona təxminən bir yarım saat qalmış Campos Racing komandasının sürücüsü Ernesto Rivera 8-ci döngədə dayanıb. İkinci dəfə isə sessiyanın bitməsinə 40 dəqiqə qalmış Noah Strømstedin 2-ci döngədə dayanması səbəbindən qırmızı bayraqlar göstərilib.

Sessiyanın son dəqiqələrində sürücülər bir neçə sürətli dövrə atıblar və Custi 1:31.980 saniyəlik nəticə ilə protokolun zirvəsinə oturub.

Çərşənbə günü Xeresdə Formula 3 testlərinin son günü keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et