Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: İki pit-stoplu strategiya mümkündür

Bu gün Sinqapur Qran Prisində bir pit-stoplu strategiya gözlənilir. Lakin bəzi hallarda iki pit-stoplu strategiya da mümkün ola bilər.

Pirelli Motorsport-un rəhbəri Mario İzola Sinqapurda keçirilən sıralanma turunun nəticələrini dəyərləndirib. Qeyd edək ki, poul mövqeyini Corc Rassell qazanıb. İtalyan mütəxəssis həmçinin yarış üçün təkər strategiyası barədə danışıb.

Mario İzola: “Bu, son dərəcə gərgin sıralanma turu idi. Mercedes pilotları əla çıxış etdilər və Corc Rassell bəlkə də bir qədər gözlənilməz, amma tamamilə layiq şəkildə poul qazandı.

Sıralanma turu boyu fərqlərin necə azaldığını izləmək maraqlı idi: birinci sessiyada 15 pilot 0,8 saniyəlik intervala sığırdı, ikinci sessiyada ilk onluq artıq 0,5 saniyəlik fərqə endi, finalda isə bütün pilotlar 90 saniyədən sürətli dövrə vurdu. Rassellin poul vaxtı rekord idi. Ötənilki nəticədən 0,367 saniyə daha yaxşı, bu da bizim simulyator hesablamalarımızla tam üst-üstə düşür.

Şənbə günü trasın vəziyyəti üçüncü sərbəst yürüş və sıralanmanın əvvəlində xeyli yaxşılaşdı, final mərhələsində isə sabitləşdi. C5 tərkibli təkərlər ikinci, hətta üçüncü sürətli dövrədə belə yaxşı sürət təmin edirdi, baxmayaraq ki, ən effektiv nəticə ikinci cəhddə əldə olunurdu.

Bu trasda sıralanmanın nə qədər vacib olduğunu bilirik. Son 15 yarışdan yalnız 3-də qalib ilk cərgədən start almamışdı. Böyük ehtimalla sabah bizi bir pit-stoplu yarış gözləyir. Amma pit yolunda sürət həddinin 60 km/saatdan 80 km/saatadək artırılması iki pit-stop strategiyasını bir qədər mümkün edir, xüsusilə təhlükəsizlik maşını trasda görünərsə və ya kiminsə boş trasda sürətli dövrələr vurmaq imkanı yaranarsa…

Məncə, bu gün axşam bütün üç tərkibdən istifadə etmək mümkündür. Hər kəsdə bir dəst Medium və Hard təkər qalıb, lakin Soft təkər həm startda, həm də yarışın sonunda rol oynaya bilər.

C5 tərkibinin verdiyi yüksək asfaltla ilişmə startda vacib mövqeləri qazanmaq üçün istifadə oluna bilər. Bu trasda ötmə etmək çətindir, indi isə əvvəlkindən də çətin olub”.

Rauf Hacıyev

Şərh əlavə et