Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Gözəl mübarizə apardıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Maks Ferstappeni təzyiq altında saxlasa da, onu keçməyə yer tapmayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Marina Baydakı yarışa beşinci yerdən başlasa da, startda Kimi Antonelli və Oskar Piastrini keçərək, üçüncü yerə yüksəlib. O, start zamanı komanda yoldaşı Piastri ilə sərt mübarizə aparıb və ön qanadını zədələyib.

Lando Norris: “Yarışdan sonra özümü yaxşı hiss edirəm, yenidən starta çıxmağa hazıram! (gülür) Əlbəttə, yarış çətin idi, amma Maks Ferstappen bircə səhv belə etmədi. Özümü necə hiss etməyimdən asılı olmayaraq, bütün gücümlə sürdüm və onun maşınının arxasından bir addım belə geri qalmadım.

Bəzi anlarda onunla yanaşı gəlmək imkanım oldu və o zaman maraqlı kiçik duellər baş verirdi, ancaq ötmək çox çətindir, çünki bu gün temp çox yüksək idi. Təəssüf… Əlbəttə, mən Corca çatmaq və ona hücum etmək istərdim.

Amma ümumilikdə bugünkü nəticədən razıyam, çünki bir neçə mövqe qazanmağı bacardım və komandamız yenidən Mühəndislər Kubokunu qazandı. Bu məni çox sevindirir.

Yarışın ilk dövrəsindəki epizoda gəlincə, o vaxt trasın bir çox hissəsi hələ də yaş və sürüşkən idi. Amma bu yarışdır. Mən daxili trayektoriyanı tutmuşdum və bolidin sürüşməsini bir qədər düzəltməli oldum, vəssalam. Bu sadəcə tras üzərindəki mübarizənin gözəl bir nümunəsi idi”.

Rauf Hacıyev

Şərh əlavə et