Xəbəri Kokpitdə Oxuyun!

Aldequer İndoneziyada ilk qələbəsini qazanıb

MotoGP üzrə İndoneziya Qran Prisinin qalibi Fermin Aldequer olub. İspan pilot karyerasındakı ilk qələbəsini qazanıb.

Kokpit.az bildirir ki,  ispaniyalı pilot startdan finiş xəttinədək liderliyini qoruyaraq, yarışa tam hakim olub və möhtəşəm çıxışı ilə diqqət çəkib.

Yarışın elə ilk dövrəsində böyük hadisə yaşanıb. Sprint yarışının qalibi və yarışa pouldan başlayan Marko Bezzekki startda zəif çıxış etdikdən sonra 7-ci döngənin girişində Mark Markesin Ducati-sinə arxadan çırpılıb.

Bezzekki qəzadan xəsarət almadan çıxsa da, Markes sağ qolundan zədələnərək, tibbi yardım alıb və hər iki pilot yarışı davam etdirə bilməyib.

Bezzekkinin yarışdan çəkilməsi ilə fərqi sürətlə artıran Fermin Aldequer, stabil tempini qoruyaraq rahat şəkildə finişə çatıb və adını MotoGP tarixinin qalibləri sırasına yazdırıb.

Dünənki sprint yarışında son döngədə Bezzekkiyə uduzan gənc ispaniyalı bu dəfə heç bir səhvə yol vermədən qalib gəlib.

İkincilik Red Bull KTM pilotu Pedro Akostaya qismət olub. O, tempini qoruyaraq, rəqibi Aleks Markesi geridə qoyub. Aleks Markes isə üçüncü yeri tutaraq, Gresini Ducati üçün ikiqat podium sevincinə səbəb olub.

Yarış boyu orta qrupda gərgin mübarizə yaşanıb. Bred Binder 11 pillə irəliləyərək dördüncü, Luka Marini beşinci, Raul Fernandes isə altıncı olub.

Yamaha sürücülərindən Fabio Kuartararo yeddinci, Franko Morbidelli səkkizinci, Aleks Rins isə onuncu yeri tutub. VR46 pilotları Di Cannantonio və Morbidelli də xal zonasına düşüblər.

Yarışı cəmi 19 pilot başa vurub. Enea Bastyanini, Françesko Banyaya və Xoan Mir texniki nasazlıqlar səbəbilə, Mark Markes və Marko Bezzekki isə qəza nəticəsində yarışı tərk ediblər. Maverik Vinyales isə çiyin zədəsi səbəbilə həftəsonuna qatılmayıb.

MotoGP-də növbəti mərhələ 17–19 oktyabr tarixlərindəki Avstraliya Qran Prisi olacaq. Mübarizə Filib Aylənd trasında davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et