Sinqapur Qran Prisinin ikinci sərbəst yürüşlərində Şarl Lekler pit yolunda Lando Norris ilə toqquşub. Ferrari sürücüsü sessiyada doqquzuncu nəticə göstərib və hadisənin uğursuz təsadüflər nəticəsində baş verdiyini düşünür.
Şarl Lekler: “Birinci sərbəst yürüşlər yaxşı keçdi, amma ikinci çox çətin idi — sıx trafik, qırmızı bayraqlar və pit yolundakı hadisəyə görə. Bir çox xoşagəlməz şeylər baş verdi, ancaq biz hamısını təhlil edib daha güclü şəkildə geri dönəcəyik. Düşünürəm ki, boliddə potensial var və bu, ən vacib məqamdır.
Lando ilə insident? Hələ mexaniklə danışıb detalları yoxlamağa imkan tapmamışam, lakin artıq ilkin təəssüratlarımı təhlil etmişəm. Görünür, hər iki McLaren sürücüsünün eyni anda trasdan çıxması müəyyən anlaşılmazlığa səbəb olub. Yəqin ki, mexanik onların bu qədər sürətli çıxmayacağını düşünüb və mənə dayanmaq əmri verməyib.
Belə vəziyyətlərdə komandaya etibar edirsən və bəzən belə hallar qaçılmaz olur. Hər şey qırmızı bayraqlardan dərhal sonra baş verdi, hamı tələsirdi ki, bir neçə dövrə vura bilsin. Hadisəyə bir neçə amilin təsiri oldu. Əlbəttə, mən də toqquşma istəmirdim, amma bəzən belə şeylər baş verir”.
Şərh əlavə et