Xəbəri Kokpitdə Oxuyun!

S.Berra: Üç tərkib də yaxşı işlədi

Pirelli-nin statistikasına görə Sinqapur trasında keçirilən ilk sərbəst yürüşlər zamanı səkkiz komanda və onların 16 sürücüsü bir dəst Hard və Soft tərkibdən istifadə edib. Daha sonra onlar ikinci sessiyada bir dəst Medium və bir dəst Soft tərkiblə işləməyə davam ediblər və sıralanma turunun simulyasiyasını həyata keçiriblər.

Yalnız Aston Martin fərqli yanaşma seçib: ilk məşqdə Medium, ikinci sessiyada isə Hard tərkibdən istifadə edib. Mercedes sürücüləri isə əvvəlcə Hard, sonra isə Medium tərkibdə işləyiblər. Bununla belə, Corc Rassell heç vaxt Soft tərkibi sınaya bilməyib, çünki ikinci sessiyanın əvvəlində maşını Medium tərkiblə qəzaya uğradıb.

Pirelli-nin baş mühəndisi Simone Berra: “Demək olar ki, bugünkü məşqlər yekun nəticə çıxarmağa imkan vermədi. Çünki ikinci sessiya bir neçə dəfə dayandırıldı, trasda işləmə vaxtı azaldı və toplanan məlumatların həcminə təsir etdi. Xüsusilə də yarış tempindəki dövrələrdə təkərlərin davranışını dəyərləndirmək baxımından…

Amma bəzi maraqlı müşahidələr də oldu. Əvvəla, trasın örtüyü yaxşı asfaltla ilişmə təmin edir. Bu da təşkilatçıların asfaltı yüksək təzyiqli su topları ilə yuması sayəsində mümkün olub və bu, yaxşı effekt verib. Bundan əlavə, trasın bir neçə hissəsində örtük yenilənib, bu da ötən illə müqayisədə daha yaxşı asfaltla ilişmə deməkdir.

İlk sessiyada sürət artımı ikinciyə nisbətən daha aydın görünürdü, çünki ikinci sessiya dəfələrlə dayandırıldı. Hər halda, sürətlər hələ də artacaq və özü də xeyli dərəcədə.

Bütün üç tərkib gözlənildiyi kimi işləyirdi, onların arasındakı sürət fərqi isə bizim simulyatorlarda əldə etdiyimiz nəticələrə uyğundur. Demək olar ki, bütün sürücülər eyni sayda dəstdən istifadə etdilər – iki dəst Soft, bir dəst Hard və bir dəst Medium. Yalnız Mercedes komandası ilk sessiyada Medium və Hard tərkiblə işləyib.

Daha sonra Rassell maşını qəzaya uğratdı və Soft tərkibi sınaya bilmədi. Buna görə də şənbə günü keçiriləcək məşqlərdə bu komandanın Medium tərkiblə işi necə quracağı maraqlı olacaq, xüsusən də bazar günü baş tutacaq yarışa hazırlaşmaq baxımından.

Pit yolunda sürət həddinin 60 km/saatdan 80 km/saata qaldırılması taktika seçimlərinə təsir edə bilər. Çünki təkər dəyişikliyi ilə bağlı vaxt itkisi azalır və iki pit-stoplu strategiya daha məntiqli seçimə çevrilir. Adətən komandalar stintləri uzatmağı və pit-stopların sayını minimuma endirməyi üstün tuturlar. Lakin biz əminik ki, əgər yarış gedişində təhlükəsizlik maşını trasa çıxsa, ikinci pit-stop variantı daha da cəlbedici olacaq.

Nəhayət, ilk baxışdan bütün üç tərkibin yarış üçün uyğun olduğunu qeyd etmək lazımdır. Soft tərkiblə start götürənlər yaxşı asfaltla ilişmə hesabına ilk dövrələrdə bir neçə mövqe qazanmağa cəhd edə bilərlər. Amma alternativ seçim də var – ən yumşaq tərkibi yarışın sonuna saxlamaq”.

Rauf Hacıyev

Şərh əlavə et