Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Startda Maksı izləyəcəyəm

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, o yarışın startında Maks Feratappeni diqqətlə izləyəcək.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Sinqapurda yarışdığı əvvəlki illərdə hətta podiuma belə qalxa bilməmişdi, amma görünür, bu dəfə o, vəziyyəti dəyişmək əzmindədir: bu gün Mercedes komandasının sürücüsü  Marina Beyin mürəkkəb şəhər trasında poul qazanıb.

Corc Rassell: “Pouldayam – bu, möhtəşəm hissdir! Dünən bir çox səbəbdən gün bizim üçün çox çətin keçdi. Amma bu gün vəziyyəti düzəldə bildik və əla nəticə göstərdik.

Əlbəttə, sabah bizi uzun bir yarış gözləyir və tər tökməli olacağıq, ancaq bilirəm ki, bolidimizin potensialı yüksəkdir. Kimi Antonelli də bu həftəsonu əla çıxış edir və etiraf etməliyəm ki, dünən onun trasda necə işlədiyini izləyəndə çox şey öyrəndim. Ümumilikdə nəticədən çox məmnunam.

Sinqapur əvvəlki illərdə mənim üçün uğurlu tras olmayıb və çox vaxt bunun səbəbi də özüm olmuşam. Buna görə, poul qazansam da, arxayınlaşmaq fikrim yoxdur. Ancaq poul əlbəttə ki, ən yaxşı başlanğıc mövqeyidir və liderliyi qoruya biləcəyimi düşünürəm və birinci döngəyə hamıdan əvvəl girəcəm.

Amma, təbii ki, Maks Ferstappen startda çox güclüdür, buna görə onun hərəkətlərini diqqətlə izləyəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et