Kokpit.az xatırladır ki, Mercedes komandası britaniyalı sürücü ilə hələ də müqavilə uzatmayıb.
Corc Rassell: “2026-cı il müqaviləsi ilə bağlı yeni xəbərim yoxdur. Təkrar edirəm: xəbər olanda siz onu birinci biləcəksiniz. Məncə, karyerasında müəyyən mərhələyə gələn hər bir sürücü üçün əsas məsələ hər şeyin düzgün və dəqiq şəkildə həll olunmasıdır. Müqaviləni uzadanda ən vacib olan budur. Hər detal ən yüksək diqqətlə nəzərdən keçirilməlidir.
Narahatlığa əsas yoxdur. Müqavilə imzalananda imzalanacaq. Mən özümü çətin danışıqlar aparan biri hesab etmirəm. Sadəcə inanıram ki, bütün razılaşmalar ədalətli və qarşılıqlı faydalı olmalıdır. Fikrimcə, hamımız buna çalışırıq. Əlbəttə, vəziyyət fərqli ola bilər: bəzi sürücülərin təsiri daha güclüdür, bəzilərinin isə zəif. Amma hələlik danışacaq heç nə yoxdur”.
Bakıda yarış həftəsonunda sağlamlıq problemi yaşayan və buna baxmayaraq ikinci yeri tutan Rasselldən Sinqapurda özünü necə hiss etdiyi də soruşulub: “Bəli, düzünü desəm, indi özümü yaxşı hiss edirəm. Bakıda mənim üçün çətin oldu, özümü pis hiss edirdim və hələ də 100 faiz bərpa olmamışam, lakin vəziyyətim xeyli yaxşılaşıb.
Əgər başqa yarış olsaydı, ümumiyyətlə narahat olmazdım, ancaq Sinqapur elə Sinqapurdur. Burada açıq-aşkar çətinliklər var. Yenə də əminəm ki, hər şey yaxşı olacaq”.
Bu həftəsonu Sinqapur iqliminə xas yüksək temperatur səbəbindən FIA ilk dəfə xüsusi xəbərdarlıq yayıb və komandalarla sürücülərə soyuducu jilet geyinməyi məcburi edib.
Rassell artıq bu sistemi sınayıb: “Biz bu mövsüm isti şəraitdə keçirilən yarışlarda soyuducu jiletlərdən bir neçə dəfə istifadə etmişik. Amma, əlbəttə ki, bu, onların ilk dəfə məcburi tətbiq olunmasıdır. Düşünürəm, bu yaxşı xəbərdir.
Bu jilet hamı üçün rahat olmur, amma kimlərsə özünü daha yaxşı hiss edir. Əlbəttə, gələcəkdə bu sistem fərdi üstünlüklərə uyğunlaşdırılacaq. Ancaq konsepsiya özü-özlüyündə yaxşıdır.
90 faizlik rütubətdə, kokpitdə temperatur 60 dərəcəyə qalxdıqda, maşın sanki sauna kimi olur. Buna görə də belə soyutma sistemlərinin tətbiqini hamımız alqışlayırıq”.
Şərh əlavə et