Aston Martin komandasının sürücüsü bildirib ki, komandaya uyğun qərar verə bilmək üçün gələn ilin may ayından əvvəl heç bir addım atmayacaq.
Fernando Alonso: “Gələcəyi proqnozlaşdırmaq üçün kristal kürəm yoxdur, buna görə də planlarım barədə əvvəlki cavabım qüvvədə qalır. Hesab edirəm ki, gələn ilin may ayına qədər hər şey eyni qalacaq.
Əgər mənim sərəncamımda sürməkdən zövq aldığım və müəyyən nəticələr qazandığımız bir maşın olsa, o zaman bəlkə də… Mən hər halda Lourens Stroll və komanda ilə onların nəyə ehtiyacları olduğunu müzakirə edəcəyəm. Komandanın maraqları birinci, mənim maraqlarım ikinci yerdədir. Artıq kiməsə nəyisə sübut etmək üçün yarışmağa ehtiyacım yoxdur.
Karyeramdan razıyam, Formula 1-də bu qədər il keçirdiyim üçün şanslıyam. İndi isə komandaya kömək etməyin və yaxşı vaxt keçirməyin vaxtıdır. Gələn il də bununla məşğul olacağam”.
İdman formasından danışan Fernando Alonso qeyd edib: “Mən indiyə qədər heç vaxt olmadığım qədər yaxşı formadayam. Əlbəttə, keçən il və bu il maşın istədiyim mövqelər uğrunda mübarizə aparmağa imkan vermirdi, bəzi problemlər və zəif tərəflər isə kənardan görünmürdü. Lakin məndən asılı olanda, keçən və builki bəzi çıxışlar 20 il əvvəl mənim üçün mümkün olmazdı. Ona görə də mən rahatam, özümdən razıyam və inamla gələn ili gözləyirəm”.
Gələn il Formula 1-də texniki reqlament dəyişəcək və nəzəri olaraq təcrübəli sürücülər üstünlük qazanmalıdılar. Amma Fernando Alonso əmindir ki, üstünlük daha sürətli maşınlara sahib sürücülərdə olacaq: “Formula 1-də hekayə həmişə eynidir – yeni məhsulu satmaq və növbəti ildə möcüzə baş verəcəyini söyləmək lazımdır.
Yadımdadır, yola nəzarət qadağan ediləndə hamı deyirdi ki, qaz pedalını daha yaxşı idarə edən sürücülər üstünlük qazanacaq. Amma sonra üfürülən diffuzor peyda oldu, bu isə digərlərinə nisbətən daha çox asfaltayatma qüvvəsi verirdi və Red Bull hər yarışda birinci və ikinci yerdə finiş görürdü. Sükan arxasında daha ağıllı və ya axmaq davranmaq olar, ancaq maşın yarım saniyə daha sürətlidirsə, heç nə bu fərqi kompensasiya edə bilməz.
Mən, əlbəttə, gələn ili səbirsizliklə gözləyirəm, görək yeni reqlament sürücüyə nə verir. Ümid edirəm ki, bu ildəkindən daha çox azadlıq olacaq. Amma yenə də çoxlu avtomatik sistemlər və FIA-nın idarə etdiyi, təsir etmək mümkün olmayan şeylər qalacaq. Mənim fikrimcə, gələn ilin reqlamentində hələ də çoxlu məhdudiyyətlər var”.
Şərh əlavə et