FIA-nın prezident seçkiləri 4 ildən sonra bu ilin 12 dekabrında Özbəkistanda keçiriləcək.
Əvvəlcə seçkilərin Ben Sulayem ilə McLaren-in təsisçi tərəfdaşlarından olan Teddi Mayerin oğlu və keçmiş F1 yarış hakimi Tim Mayer arasında keçəcəyi düşünülürdü. Mayer iyulda namizəd olacağını bildirmişdi.
Lakin Lora Villars ötən ay Azərbaycan Qran Prisindən əvvəl namizədliyini elan edərək, prezidentlik üçün yarışan ilk qadın namizəd olmuşdu.
Villars bildirmişdi ki, FIA-da daha çox şəffaflıq, daha güclü idarəetmə, innovasiya və davamlılığı dəstəkləmə, həmçinin sosial və maliyyə maneələrini azaldaraq gənc pilotların avtoidmana çıxışını asanlaşdırmağı hədəfləyir.
Belçikalı jurnalist və keçmiş model Vircini Filippo isə bu həftəsonu keçiriləcək Sinqapur Qran Prisindən əvvəl planlarını açıqlayaraq, dördüncü namizəd kimi yarışa qoşulub.
Vircini Filippo sosial şəbəkədə belə yazı paylaşıb: “FIA-nın prezidentliyinə namizədəm.
Avtoidmanın real dünyanı əks etdirməli olduğuna inanıram: cəsarətli, müxtəlif və birləşmiş bir dünya.
Qlobal vizyona və dərin köklərə malik bir qadın olaraq, uzun müddətdir bağlı qalan qapıları açmaq üçün buradayam.
Hər səsin, hər hekayənin, hər ehtirasın daxil olduğu bir FIA quraq. Gələcək üçün yarış indi başlayır”.
Filippo 2012-ci ildə Miss Belçika, 2017-ci ildə isə Miss International gözəllik yarışlarında iştirak etmişdi. O, həmçinin Fransada yayımlanan “Secret Story” realiti şousunun altıncı mövsümündə yer alıb və bu ilin iyulunda Miss Universe Konqo Demokratik Respublikası yarışmasına qatılıb, sonra geri çəkilib.
33 yaşlı Filippo son illərdə Red Bull Racing kimi böyük təşkilatlarda aparıcılıq edib. O, həmçinin Konqo Demokratik Respublikasında yetimlərə yardım və təhsil dəstəyi göstərən Drive For Hope adlı təşkilatın təsisçisidir.
Şərh əlavə et