Xəbəri Kokpitdə Oxuyun!

Həmiltonun iti Rosko dünyasını dəyişib

Lyuis Həmilton uzun illərdir yanında olan iti Roskonun dünyasını dəyişdiyini açıqlayıb.

Kokpit.az bildirir ki, britaniyalı sürücü keçən həftə Roskonun sətəlcəm müalicəsi zamanı ürəyinin dayandığını və komaya düşdüyünü bildirmişdi. Pilot, itin səhhətinin pisləşməsi səbəbindən Ferrari ilə keçirilməli olan Pirelli testlərində iştirak etməkdən də imtina etmişdi.

Formula 1 karyerası boyunca çox vaxt Qran Pri həftəsonlarında Həmiltona yoldaşlıq edən Rosko, bazar axşamı həyatını itirib.

Lyuis Həmilton sosial şəbəkədə yayımladığı emosional paylaşımda belə yazıb: “Dörd gün ərzində həyat dəstəyində, sahib olduğu bütün gücü ilə mübarizə apardıqdan sonra həyatımın ən çətin qərarını verməli oldum və Rosko ilə vidalaşdım.

Rosko son ana qədər mübarizəni dayandırmadı. Bu qədər gözəl bir ruha, mələyə və həqiqi dosta sahib olduğum üçün minnətdar və qürurluyam.

Roskonu həyatıma qəbul etmək verdiyim ən düzgün qərar idi. Birlikdə yaratdığımız xatirələri sonsuza qədər yadda saxlayacağam.

Digər itim Koko da dünyasını dəyişsə də, əvvəllər heç bir iti yuxuya vermək məcburiyyətində qalmamışdım, amma anamın və bir çox yaxın dostumun bu halı yaşadığını bilirdim.

Bu, yaşana biləcək ən pis təcrübələrdən biridir. Ev heyvanını itirən hər kəsi başa düşürəm.

Hər nə qədər çətin olsa da, Roskoya sahib olmaq həyatımın ən gözəl hissələrindən biri idi. Onu sevmək və qarşılığında sevilmək sözlə ifadə olunmaz hiss idi.

Rosko 28 sentyabr bazar axşamı qucağımda dünyasını dəyişdi”.

Rauf Hacıyev

Şərh əlavə et