Kokpit.az xatırladır ki, Mark Markes Yaponiya yarışına Dünya Çempionluğunu rəsmiləşdirə biləcək vəziyyətdə çıxıb və tamaşaçılar həyəcan dolu mübarizəyə şahidlik ediblər.
Hava şəraitinin dəyişkən olduğu yarışda Michelin bütün sürücülərin həm ön, həm də arxa təkərdə Medium təkər seçdiyini açıqlayıb. Xorxe Martin isə sprint yarışında ağır qəza etdiyi və körpücük sümüyü sındığı üçün əsas yarışda iştirak edə bilməyib. Ai Oqura isə əlindəki ağrıya görə ev yarışında iştirak etməyib.
Yarışa pouldan başlayan Françesko Banyaya güclü start alıb və yarış ərzində liderliyini qoruyub. İtalyan pilot tempini artıraraq, Pedro Akosta və Mark Markes cütündən 4 saniyə uzaqlaşıb. Bu vaxt Markes ikinci yerə yüksəlib.
15-ci dövrədə Banyayanın motosikletindən tüstü çıxmağa başlayıb və Ducati komandasında gərgin anlar yaşanıb. Lakin texniki problemə baxmayaraq, Banyaya tempini saxlayıb.
Pedro Akosta isə əvvəlcə Xoan Mir, daha sonra Marko Bezzekki tərəfindən keçilərək geriləyib, ardınca çınqıllara düşüb və ilk onluğun xaricində qalıb.
Banyaya damalı bayrağa qədər dözə bilib və mövsümdə ikinci qələbəsini qazanıb. Onun arxasında isə komanda yoldaşı Mark Markes finişə ikinci çataraq, 2025-ci ildə Dünya Çempionluğunu təmin edib. Podiumun son pilləsini isə Xoan Mir tutub.
Mark Markesin titul qazanması üçün qardaşı Aleks Markesdən ən azı 7 xal öndə olması və ya ilk iki yerdə finiş etməsi kifayət edirdi. Aleks Markes yarışa 8-ci yerdən başlayıb və finişdə 6-cı olub.
Beləliklə, Mark Markes 7-ci dəfə MotoGP çempionluğunu, ümumilikdə isə 9-cu dəfə Dünya Çempionu titulunu qazanıb. O, sonuncu dəfə 2019-cu ildə titul əldə etmişdi. 2184 gündən sonra yenidən çempionluq yaşayan ispan pilot, Valentino Rossinin 7 MotoGP çempionluğuna çatıb.
Marko Bezzekki yarışı dördüncü yerdə tamamlayıb. İlk onluqda isə ardıcıllıq belə olub: Franko Morbidelli, Aleks Markes, Raul Fernandes, Fabio Kuartararo, Yoxan Zarko və Fermin Aldeguer.
Şərh əlavə et