Xəbəri Kokpitdə Oxuyun!

Barselona və FOM arasında danışıqlar davam edir

Şayiələrə baxmayaraq, Barselonadakı avtodromun 2026-cı ildən sonra da dünya çempionatının təqvimində qalacağı barədə FOM ilə heç bir rəsmi razılaşma imzalanmayıb – bu barədə ispan mətbuatı yazır.

Söhbət ondan gedir ki, Kataloniya trası Formula 1 yarışlarını Spa avtodromu ilə növbələşərək iki ildən bir qəbul edə bilər. “Biz qarşıdakı illər üçün mümkün olan ən yaxşı razılaşmanı əldə etməyə çalışırıq”, – deyə Marca qəzeti avtodrom rəhbərliyinə yaxın mənbəyə istinadən yazır.

İkiillik dövrün reallaşa biləcəyi ssenari bir neçə aydır müzakirə olunur, amma bunun yalnız mümkün variantlardan biri olduğu vurğulanır.

Görünür, 2026-cı ilin may ayını gözləmək lazım gələcək – məhz həmin vaxt iyun yarışı ərəfəsində Circuit de Catalunya avtodromunun rəsmi təqdimatı keçiriləcək və o vaxta qədər dəqiqlik yaranmalıdır: bu Qran Pri sonuncu olacaq, yoxsa ənənəvi mərhələ təqvimdə qalacaq?

Amma dəqiq olan odur ki, “İspaniya Qran Prisi” adlanan yarış növbəti mövsümdən etibarən Madriddə, hazırda tikintisi sürətlə gedən yeni MadRing trasında keçiriləcək.

Deməli, Barselonadan təxminən 30 km məsafədə, Montmelo qəsəbəsində yerləşən avtodromdakı mərhələ böyük ehtimalla “Barselona-Kataloniya Qran Prisi” adlandırılacaq. Bu tras 1991-ci ildən mütəmadi olaraq Formula 1 yarışlarını və testlərini qəbul edib və avtodrom rəhbərliyi həmişə FOM ilə əla işgüzar münasibətlərə sahib olub.

Marca həmçinin Formula 1 prezidenti Stefano Domenikalinin sözlərini xatırladıb. O, vaxtilə Madriddə keçirilən gələcək yarışın təqdimatında demişdi: “Gələcəyə gəlincə, danışıqlar davam edir, görək, Barselona ilə əməkdaşlığı davam etdirə biləcəyikmi – bizim onlarla çox yaxşı münasibətlərimiz var”.

2026-cı il mövsümünün təqvimində bu avtodrom iki dəfə qeyd olunub: birincisi, 26–30 yanvar tarixlərində burada ilk qış testləri keçiriləcək (buraya nə media, nə də azarkeşlər buraxılacaq). İkincisi isə, 12–14 iyun tarixlərində Kataloniya dairəsi mövsümün 9-cu mərhələsinə ev sahibliyi edəcək.

Elçin Zodorov

Şərh əlavə et