Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testləri başa çatıb

Mucelloda 2026-cı il mövsümünə hazırlıq çərçivəsində keçirilən iki günlük Pirelli testləri cümə günü başa çatıb. İtalyan təkər istehsalçısı Ferrari ilə işləyib, komandanı Şarl Lekler və Scuderianın ehtiyat sürücüsü Guanyu Çjou təmsil edib.

Planlara görə Lekler və Çjou Hard tərkib prototiplərini sınaqdan keçirməli idilər, lakin bəzən güclənən yağış trasdakı iş proqramına düzəlişlər edib. Səhər Lekler cəmi 25 dövrə vurub. Özü də hamısını intermediate təkərlərlə. Onun yaş trasdakı ən yaxşı nəticəsi 1:34.914 olub.

Nahardan sonra modernləşdirilmiş SF-25 maşınının sükanı arxasına Çjou keçib. Çinli sürücü də testlərə intermediate və yağış təkərləri ilə başlayıb, lakin asfalt kifayət qədər quruduqdan sonra siliklərə keçib. O, ümumilikdə 75 dövrə vurub və ən yaxşı nəticəsi 1:22.012 olub.

Pirelli Motorsport-un rəhbəri Mario İzola testləri belə şərh edib:  “Əfsuslar olsun ki, hava bizə kömək etmədi. Çox təəssüf, çünki Muccello təkcə gözəl tras deyil, həm də burada təkərlər ciddi yüklənməyə məruz qalırlar. Bu səbəbdən bizim üçün ən sərt tərkibləri qiymətləndirmək məqsədilə yarış tempində işləmək faydalı olardı.

İndi işimizi yekunlaşdırmaq, iki gün ərzində toplanmış az miqdarda məlumatı təhlil etmək, onları əvvəlki testlərdə əldə olunan nəticələrlə müqayisə etmək və lazım olan nəticələri çıxarmaq qalır.

Yumşaq tərkiblərə gəlincə, onların yekun homologasiya variantlarını seçmək üçün Meksika Qran Prisindən sonra hələ iki günlük testimiz olacaq.

Müsbət məqam kimi isə qeyd etmək istəyirəm ki, biz ən azı real tras şəraitində yağış təkərlərini sınaqdan keçirdik və orta, eləcə də uzunmüddətli inkişaflar üçün faydalı olacaq məlumat və ideyalar topladıq.

Sonda bu iki gün ərzində əməkdaşlığa görə Haas və Ferrari komandalarına təşəkkürümü bildirmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et