Xəbəri Kokpitdə Oxuyun!

Mercedes və Corc Rassell dil tapa bilmir

Mercedes komandasının rəhbəri Toto Volf artıq açıqlamışdı ki, Corc Rassellin gələn mövsüm üçün müqaviləsinin uzadılması məsələsi həll olunub və tərəflərə sadəcə formallıqları razılaşdırmaq qalır. Ancaq Britaniya mətbuatının məlumatına görə, əslində vəziyyət ictimaiyyətə göründüyü qədər hamar deyil.

Mercedes doğrudan da sürücü ilə müqaviləni uzatmaq istəyir, lakin tərəflər bir neçə prinsipial məqamda razılığa gələ bilmədikləri üçün hələ də müqavilə imzalanmayıb.

İlk fikir ayrılığı maaş məsələsindədir. Ekspertlərin hesablamalarına görə, illik maaşı 15 milyon dollar olan Corc Rassell artıq komandanın lideri kimi qəbul edildiyindən onun artırılmasında israr edir. Mercedes isə güzəştə getməyə hazırdır, ancaq söhbətin hansı məbləğdən getdiyi açıqlanmır. Bundan əlavə, Corc ildə iştirak etməli olduğu reklam günlərinin sayının azaldılmasını da tələb edir.

İkinci fikir ayrılığı müqavilənin müddətidir. Rassell 2027-ci ilin sonuna qədər qüvvədə olacaq ikiillik razılaşma imzalamaq istəyir. Mercedes isə sürücüyə yalnız 2026-cı il üçün birillik müqavilə təklif edir, nəticələr qənaətbəxş olduğu halda müqavilənin uzadılması şərti ilə.

Mercedes hələ də Maks Ferstappeni transfer etmək ümidi ilə yaşayır, buna görə də Corcla ikiillik müqavilə bağlamaq istəmir. Ferstappenin gələcək planlarını 2026-cı ilin yayında müəyyənləşdirəcəyi gözlənilir.

Ekspertlər əmindirlər ki, istənilən halda Mercedes və Corc Rassell ortaq məxrəc tapacaq, lakin bunun nə qədər tez baş verəcəyi hələlik bəlli deyil.

Rauf Hacıyev

Şərh əlavə et