Mercedes komandası Azərbaycan Qran Prisində yalnız Red Bull Racing-ə uduzub və komanda 2-ci və 4-cü yerlərlə yarışdan çoxlu xal qazanaraq ayrılıb. Nəticə komandanı razı salıb.
Toto Volf, komandanın rəhbəri: “Biz həftəsonunu yaxşı keçirdik və Azərbaycandan yaxşı nəticə ilə ayrılırıq. Corcun 2-ci yeri ilə yenidən podiuma qayıtmaq və Kiminin 4-cü olaraq komandaya çoxlu xal qazandırmasını görmək xoşdur. Əlbəttə, biz həmişə yalnız qələbəni düşünürük, amma iki çətin yarışdan sonra bu nəticə optimizm yaradır.
Biz Karlosu, Ceyms Vavlsı və Williams-ı podiumdakı 3-cü yer münasibətilə təbrik edirik. Tamamilə layiqli nəticədir. Kimi sonadək yaxınlaşmağa və hücum etməyə çalışdı, amma onlar çox sürətli idilər. Buna baxmayaraq, Antonelli əla yarış keçirdi, hətta Liam Lousonu da ötdü. Halbuki Ferrari-dən Lekler və Red Bull-dan Tsunoda DRS zonasında belə bunu bacarmadı. Kimi bu həftəsonundan faydalanacaq və qarşıdakı yeddi yarışda daha da güclənəcək.
Corc bütün həftəsonu xəstəliklə mübarizə aparırdı. Əvvəlcə onun cümə və şənbə günü trasa çıxıb-çıxa bilməyəcəyi belə məlum deyildi. Amma o, əla öhdəsindən gəldi və fantastik nəticə qazandı”.
Şərh əlavə et