Xəbəri Kokpitdə Oxuyun!

R.Qrojan sükan arxasına keçəcək

Sabiq Formula 1 pilotu Roman Qrojan 2020-ci ildə Bəhreyndəki dəhşətli qəzadan sonra F1-i tərk etmişdi, amma indi Haas F1 komandasının testlərində sükan arxasına qayıdacaq.

Komanda təsdiqləyib ki, o, sabah – sentyabrın 26-da Mucelloda reqlamentlə icazə verilən köhnə maşın testlərində trasda olacaq. Fransalı sürücü 2023-cü ilin VF-23 maşınını idarə edəcək.

Roman Qrojan: “Mucello testlərinə dəvət etdikləri üçün Cin Haasa və Ayo Komatsuya inanılmaz dərəcədə minnətdaram. Formula 1 bolidinin sükanına qayıtmaq imkanına görə necə həyəcanlandığımı sözlə ifadə edə bilmirəm.

Qəzanın üzərindən demək olar beş il keçib və buna inanmaq çətindir. Sükan arxasına qayıtmaq və köhnə komandamla testlərdə iştirak etmək – bu, həqiqətən xüsusi bir hissdir.

Hamını görəcəyəm, xatırlayacaq çox şeyimiz var, amma mən komanda üçün faydalı olmaq istəyirəm. Haas F1 komandasının artıq köhnə maşın testlərini inkişaf proqramına daxil etməsi əladır.

2020-ci ildə övladlarım mənim üçün Əbu-Dabi Qran Prisində istifadə etməli olduğum dəbilqənin dizaynını çəkmişdilər. Həmin yarış mənim üçün mövsümdə sonuncu olmalı idi, indi isə nəhayət bu dəbilqəni Formula 1 bolidinin sükanı arxasında sınaya biləcəyəm”.

Qrojan testlərdə 2020-ci ildə onun bokslarında çalışan komanda üzvləri ilə yenidən bir araya gələcək. Komanda rəhbəri Ayo Komatsu onun yarış mühəndisi olacaq, həmçinin 2019 və 2020-ci illərdə Romanın mühəndisi olmuş Dominik Heyns də testlərdə iştirak edəcək.

Ayo Komatsu: “Mən Roman Qrojana Formula 1 sükanına beş ildən sonra yenidən qayıtdığı üçün böyük məmnuniyyətlə xoş gəlmisiniz deyirəm. Xüsusilə qürur duyuram ki, bu, bizim maşınlarımızdan biri ilə baş verir. Mən Romanla Formula 1-dəki bütün karyerası boyu işləmişəm, buna görə də Mucellodakı bu testlər bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Onun bu imkandan istifadə edərək sükan arxasına bizimlə birlikdə qayıtmasına sevinirəm. Bu gün xüsusi olacaq. Komandanın bir çox köhnə üzvü bu hadisəyə şahid olmaq üçün toplaşacaq.

Bu, əyləncəli bir gün olacaq və mən Romanı tanıyıram. O, həmişəki kimi əlindən gələni edəcək. Başqa cür olacağını gözləmirəm, üstəlik, biz uzun müddətdir bu barədə danışırdıq”.

Rauf Hacıyev

Şərh əlavə et