Rekordların qırıldığı sıralanma turu və Maks Ferstappendən Bakıda ilk poul
Paytaxtımızdakı cümə və şənbə sərbəst yürüşləri sakit məcrada keçmişdi. Lakin sıralanma turu elə olmadı. Sessiya düz altı dəfə qırmızı bayraqlara dayandırıldı. Aleks Elbon, Niko Hülkenberq, Pyer Qasli, Franko Kolapinto, Oliver Berman, Şarl Lekler və Oskar Piastri bariyerlərə çırpılaraq, sıralanma turunda altı dəfə qırmızı bayraqların çıxmasına səbəb oldular. Bu isə Formula 1 tarixində yeni rekord demək idi.
Daha əvvəl dediyimiz kimi Red Bull komandası belə ekstremal vəziyyətlərə həmişə hazır olub. Bu dəfə də eynisi təkrarlandı. Qəzalara görə iki saat davam edən və son anlarında yağışın başladığı təsnifat mərhələsində son sözü Maks Ferstappen dedi. Dördqat Dünya Çempionu 1:41.117 zaman nəticəsi ilə Bakı Şəhər Halqasında ilk poulunu qazandı.
Lakin bu sıralanma turunda Red Bull adına başqa sevindirici hal var idi. Belə ki, bu mövsüm ikinci dəfə 4 Red Bull pilotu – Maks Ferstappen, Yuki Tsunoda, Ayzek Hacar və Liam Louson sıralanma turunun son sessiyasına çıxırdı.
Red Bull-dan üçün əlamətdar həftəsonu və Bakıda beşinci qələbə
İtaliyadakı qələbədən sonra Maks Ferstappen Bakının uzun düzlüklərinə görə Azərbaycan Qran Prisində də əsas favorit sayılırdı. Niderlandlı pilot ona olan inamları boşa çıxarmadı. Yarış ərzində çox rahat formada sürərək, mövsümdəki dördüncü qələbəsini qazandı. 27 yaşlı pilotun bu qələbəsini əlamətdar edən bəzi amillər var idi. O, sıralanma turunda poul qazandıqdan sonra, bütün yarışı birinci yerdə apararaq və ən sürətli dövrəyə imza ataraq, qalib gəldi. Bu isə onun karyerasındakı altıncı Böyük Dəbilqə demək idi. Beləliklə, Bununla da, Maks Böyük Dəbilqələrin sayında əzəli rəqibi Lyuis Həmiltona çatmış oldu.
Bu yarışı Red Bull şirkəti üçün əlamətdar edən digər amil isə bu mövsüm ilk dəfə 4 pilotun birdən – Maks Ferstappen və Yuki Tsunodanın (Red Bull), Ayzek Hacar və Liam Lousonun (Racing Bulls) xal qazanmaları oldu.
Bundan başqa Red Bull komandası Azərbaycandakı doqquzuncu yarışda beşinci qələbəsini əldə etmiş oldu.
Azərbaycanda yeni sindrom yaranır
Daha əvvəl sizə “Bakı Sindromu”ndan danışmışdıq. Belə ki, Azərbaycanda keçirilən ilk 6 yarışda 6 fərqli qalib olmuşdu. Bu sindromu 2023-cü ildə Red Bull pilotu Serxio Peres sonlandırmışdı.
İndi isə Azərbaycanda yeni sindrom yaranır. Əvvəlki ilin qalibinin qəza edərək, yarışı bitirə bilməməsi sindromu. Belə ki, 2023-cü ildəki yarışın qalibi Serxio Peres keçənilki yarışın son dövrələrində Karlos Saynsla təmas edərək, mübarizəni dayandırmışdı. Bu il isə 2024-cü ildəki yarışın qalibi Oskar Piastri yarışın startından bir qədər sonra bariyerlərə çırpılaraq, yarışı tərk etdi. Əvvəlki sindroma bir Red Bull pilotu son qoymuşdu. Bəs indiki sindroma?
Azərbaycan Yarışının maraqlı nüansları
- Racing Bulls komandasının sürücüsü Liam Louson sıralanma turunda üçüncü olaraq, karyerasının ən yaxşı kvalifikasiya, yarışda isə beşinci yeri tutaraq, ən yaxşı yarış nəticəsini əldə etmiş oldu. Racing Bulls komandası isə Azərbaycan Qran Prisində 11 xal toplayaraq, Mühəndislər Kubokunda Aston Martin-i keçdi və altıncı yerə yüksəldi.
- Şarl Lekler 2021-ci ildən sonra ilk dəfə Azərbaycan yarışına pouldan başlaya bilmədi.
- Çempionatın lideri Oskar Piastri bu mövsüm ilk dəfə xalsız qaldı
- İkiqat Dünya Çempionu Fernando Alonso ilk dəfə Azərbaycan Qran Prisində xalsız qaldı
- Bu mövsüm hegemonluq edərək, çempionatı birinci yerdə aparan McLaren komandası sadəcə Lando Norrislə 7-ci olaraq, 6 xal toplaya bildi. Bu da “narıncılar”ın builki ən pis nəticələridir. Beləliklə, Britaniya komandası Azərbaycanda titulu təmin edə bilmədi.
- Həftəsonunun digər maraqlı məqamı isə Williams komandasının pilotu Karlos Saynsın builki ilk podiumunu qazanması idi. İspaniyalı sürücü bununla da yeni komandasındakı ilk podiumunu qazanmış oldu. Bununla da o, Alen Prosta məxsus olan bir rekordu yeniləmiş oldu. Belə ki, ən son əfsanəvi fransalı sürücü həm McLaren, həm Ferrari, həm də Williams ilə podiuma yüksəlmişdi.
Növbədə gecə yarışı Sinqapur var
Mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran Prisi qəzaları və ilkləri ilə geridə qaldı. İndi isə növbədə ecazkar Sinqapur Qran Prisi var. Dar döngələri ilə seçilən bu şəhər tipli trasda Maks Ferstappen ilk dəfə qalib gələ biləcək? Bütün bunların cavabını bilmək üçün bizi izləyin
Şərh əlavə et