Xəbəri Kokpitdə Oxuyun!

Horner rəsmi şəkildə Red Bull-dan ayrılıb

Christian Horner-in Red Bull-dan ayrılması prosesi çoxmərhələli olub və bu gün yekunlaşıb. Hüquqşünaslar bütün detalları – kompensasiya məbləğini və məcburi məzuniyyətin müddətini razılaşdırıblar, tərəflər barışıq sazişi imzalayıb və rəsmi açıqlama yayılıb.

Kokpit.az xatırladır ki, Kristian Horner bu ilin iyul ayında Red Bull komandasının rəhbəri vəzifəsindən azad edilmişdi. Lakin onun 2030-cu ilə qədər müqaviləsi olduğu üçün məcburi komanda işçisi sayılırdı. Britaniyalı mütəxəssisin Red Bull-dan 100 milton sterlinqdən çox alacağı var idi. Lakin Kristian Horner Formula 1-ə tez qayıtmaq üçün daha azməbləğli təzminatı qəbul edib.

Oliver Mintslaff, Red Bull-un korporativ layihələr üzrə icraçı direktoru: “Biz son 20 ildə göstərdiyi misilsiz töhfələrə görə Kristiana təşəkkür edirik.

Onun yorulmaz sədaqəti, təcrübəsi, bilikləri və innovativ düşüncəsi Red Bull Racing-i Formula 1-in ən uğurlu və cəlbedici komandalarından birinə çevirməkdə həlledici rol oynayıb.

Sənə hər şey üçün təşəkkür edirik, Christian, sən komandamızın tarixində həmişə önəmli bir hissə olaraq qalacaqsan”.

Kristian Horner: “Red Bull Racing-ə rəhbərlik etmək mənim üçün şərəf və üstünlük idi. 2005-ci ildə başladığımız zaman heç kim qarşımızda hansı yolun olacağını təsəvvür etmirdi. Bizim komanda olaraq qazandığımız nailiyyətlərlə, rekordlarla və gözlənilməz zirvələrlə qürur duyuram.

Ən önəmlisi isə odur ki, mən istedadlı və məqsədyönlü insanlardan ibarət möhtəşəm bir qrup topladım və rəhbərlik etdim. Onların inkişafına, enerji içkisi şirkətinin törəmə müəssisəsi olaraq böyüməsinə, dünyanın ən böyük avtomobil markaları ilə rəqabət aparıb onları üstələməsinə şahid oldum.

Lorenə, Maksa, Yukiyə və Red Bull Technology Group-dakı hər kəsə ən yaxşısını arzulayıram. Əminəm ki, onlar azarkeşlərimiz üçün uğurlar qazanmağa davam edəcəklər. Gələn il Red Bull/Ford mühərrikini RB22-də, eləcə də təsirli RB17-də görməyi səbirsizliklə gözləyirəm.

Bizim sponsor və tərəfdaşlarımıza da xüsusi təşəkkür edirəm. Onların dəstəyi uğurlarımızın ayrılmaz hissəsi olub. Ən böyük minnətdarlığım isə azarkeşlərədir – onların dəstəyi olmadan Formula 1 mövcud ola bilməzdi.

Mərhum Ditrix Mateşiçə mənə 31 yaşımda verdiyi imkan üçün, Mark Mateşiçə, Saravut Yuvidyaya, Şalerm və Daranee Yuvidyaya, habelə Oliver Mintslaffa və idarə heyətinə dostluq və dəstəklərinə görə təşəkkür edirəm”.

Xatırladaq ki, 9 iyulda Horner komandanın rəhbərliyindən kənarlaşdırılıb, 13 avqustda onun müqaviləsinə xitam verilib, 22 sentyabrda isə ayrılıq və əldə olunmuş razılaşmalar elan olunub.

Kompensasiya məbləğinin dəqiq rəqəmi açıqlanmayıb, lakin onun 50–80 milyon funt sterlinq arasında olduğu bildirilir ki, bu da idman tarixindəki ən böyük ödənişlərdən biridir. Dəqiq məbləğ ayın sonunda açıqlanacaq rəsmi maliyyə hesabatında göstəriləcək.

Məlum olub ki, Kristian Horner Formula 1-də hər hansı digər işə 9 aprel 2026-dan tez başlaya bilməyəcək.

Rauf Hacıyev

Şərh əlavə et