Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler məsuliyyəti üzərinə götürüb

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, səralanma turunda etdiyi səhvə görə geriyə düşüblər.

 

Kokpit.az xatırladır ki, monakolu sürücü sırslanma turunda qəza edərək, Azərbaycan yarışına 10-cu yerdə başlayıb və o, finişə doqquzuncu yerdə çatıb.

Yarışın gedişində Ferrari strateqləri Leklerdən Həmiltona yol verməsini istəyiblər. Bunun səbəbi isə britaniyalı sürücünün daha təzə təkərlərlə Lando Norrisə hücum şansı olub. Amma Həmilton yerlisini keçə bilməyib. Son dövrədə isə komanda Həmiltondan mövqeyi qaytarmasını xahiş edib. Yeddiqat Dünya Çempionu son düzlükdə sürəti azaltsa da, Lekler kifayət qədər yaxın olmayıb və onlar mövqeləri dəyişmədən finiş xəttinə çatıblar.

Şarl Lekler: “Ötmələr çətin idi, amma məsuliyyət sıralanma turuna görə mənim üzərimdədir. Şənbə günü səhv etdim, bəzən belə olur. Ümumilikdə mövsümü güclü keçirirəm, lakin bu dəfə işimi yaxşı görə bilmədim.

Sıralanmadakı səhvin əvəzini ödədim. Yarışda trafikdə ilişdim, ona görə strategiyada riskə getdik. Səndən sürətli olan rəqiblərin hamısı eyni strategiyadadırsa, başqa yol qalmır.

Liam Louson çox yaxşı müdafiə olunurdu – düzlüklərdə sürəti yüksək idi, bu səbəbdən ötmək demək olar ki, mümkün olmadı, baxmayaraq ki, tempim daha yaxşı idi. Bizim üçün yaxşı bazar günü olmadı.

Mövqe dəyişikliyi məsələsinə gəlincə, 8-ci və ya 9-cu yer arasında mənim üçün böyük fərq yoxdur. Əlbəttə, komandada müəyyən razılaşmalar və ümumi qaydalar var, ancaq bu yarışda mənə mövqe qaytarılmadı. Problem deyil. Əgər 8-ci yerdə finiş çatsaydım, əhvalım yenə dəyişməzdi. Mənim üçün fərqi yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et