Yarışın gedişində Ferrari strateqləri Leklerdən Həmiltona yol verməsini istəyiblər. Bunun səbəbi isə britaniyalı sürücünün daha təzə təkərlərlə Lando Norrisə hücum şansı olub. Amma Həmilton yerlisini keçə bilməyib. Son dövrədə isə komanda Həmiltondan mövqeyi qaytarmasını xahiş edib. Yeddiqat Dünya Çempionu son düzlükdə sürəti azaltsa da, Lekler kifayət qədər yaxın olmayıb və onlar mövqeləri dəyişmədən finiş xəttinə çatıblar.
Lyuis Həmilton: “Əhvalım yaxşı deyil, çünki biz bu yarışda yavaş idik. Nəticə məyusedicidir. Ola bilsin, ikinci sərbəst yürüşdən sonra nikbin olduğum üçün bu məyusluq əmələ gəlib. Maşında özümü rahat hiss edirdim, amma sazlamalar üçün səhv istiqamət seçdik.
Yarış tempimiz önümüzdəki rəqiblərdən geri qaldı. Bu trasda sıralanma nəticəsinin nə qədər vacib olduğunu Williams nümunəsi aydın göstərdi – onları təbrik edirəm.
Startda 12-ci idim, nəticədə bir neçə mövqe irəlilədim, amma finişdəki yerim mənim üçün elə də önəmli deyil. Hamısını təhlil edib daha yaxşı nə edə biləcəyimizi anlayacağıq. Dediyim kimi, əməliyyat baxımından daha düzgün işləməliyik.
Bu yarışda ötmə çox çətin idi. Bakı üçün qeyri-adi yarış oldu – həm ötmək, həm də rəqibləri sıx təqib etmək demək olar ki, mümkün deyildi. Məyusam ki, buradan əliboş qayıdıram”.
Şərh əlavə et