Kokpit.az xatırladır ki, monakolu sürücü Bakıdakı sıralanma turunda son sessiyaya yüksəlsə də, qəza edib və ardıcıl beşinci dəfə Azərbaycan Qran Prisində poul qazanmaq imkanını əldən verib.
Şarl Lekler: “Bu həftəsonu Lyuis düzlüklərdə məndən xeyli sürətli, döngələrdə isə daha stabil idi. Mənim ciddi problemlərim vardı. Adətən Bakıya gələndə hər şey asan olur, amma təəssüf ki, bu dəfə belə olmadı.
Düşünürəm ki, problemin səbəbini başa düşdüm, buna görə sıralanma turundan əvvəl sazlamaları dəyişdik. Nəticədə maşından aldığım hisslər yaxşılığa doğru dəyişdi. Amma bu, məhz Medium təkərlərinə keçənədək davam etdi. Ondan sonra hər şey pozuldu. Bu təkər tərkibini işçi rejiminə sala bilmədim, bu da vəziyyəti daha da çətinləşdirdi.
Yarışda imkanlar olacaq, lakin ön sıralara qayıtmaq çətin məsələdir. Buna baxmayaraq, məyusedici şənbədən sonra bazar günü yaxşı nəticə qazanmağa çalışacağam. Adətən Bakıda əksinə olur, ancaq bu dəfə vəziyyəti dəyişəcəyimə ümid edirəm”.
Şərh əlavə et