Azərbaycan Qran Prisi deyəndə Red Bull üçün ya dramatik ya da xoşbəxt sonlu yarışlar yada düşür. Avstriya təmsilçisi paytaxtımızda ya parlaq qələbələr qazanıb ya da uzun illər yaddaqalan qəzalara imza atıb.
Red Bull komandası Azərbaycan Qran Prisində 4 dəfə ilə ən çox yarış qazanmış komandadır. Bu qələbələrdən ikisi Serxio Peresin, digər ikisi isə Daniel Rikkardo ilə Maks Ferstappenin aktivinə yazılıb.
Lakin belə deyim var – Sevinclə kədər, xeyirlə şər qardaşdır. Red Bull-un da Bakıda yaddaqalan uğurları ilə yanaşı yaddaqalan qəzaları olub. Gəlin onları birlikdə xatırlayaq.
2017-ci il – Daniel Rikkardo mümkünsüzü bacarır
Əslində 2017-ci ilin yarışında nələr olmadı ki… Bir yarışda baş verəcək hər şeyi görmüşdük. Çempionatın iki favoriti arasında (Həmilton-Fettel) münasibətlərin son həddə çatması, təhlükəsizlik maşını, qırmızı bayraqlar və Daniel Rikkardonun geridən başladığı yarışı qazanması, özü də bir döngədə 3 pilotu birdən keçərək.
Beləliklə, Formula 1 tarixindəki ilk Azərbaycan Qran Prisində “bal porsuğu” ləqəbli Daniel 11-ci yerdən başladığı və startda gerilərə düşdüyü xaotik yarışı qazanaraq, Red Bull-a paytaxtımızda ilk qələbəni gətirirdi.
2018-ci il – İki öküzün başı bir qazanda qaynamaz
Əslində 2018-ci il yarışı Red Bull üçün sıradan bir yarış olacaqdı. Maks Ferstappen və Daniel Rikkardo yarış ərzində dördüncü yer uğrunda mübarizə aparırdılar. Lakin 51 dövrəlik yarışın 40-cı dövrəsində Daniel start düzlüyündə komanda yoldaşına hücum edərkən, Maks trayektoriyasını dəyişdirdi və olanlar oldu – Red Bull komandasının iki pilotu da mübarizəni dayandırdılar. Məhz buna qədər sakit məcrada keçən yarışda dramatik anlar yaşandı. Üstəlik bu qəza uzun illər Formula 1-in jurnallarında yer aldı.
2021-ci il – Ferstappenin “Azərbaycan təcrübəsi” və Peresin ilk qələbəsi
2021-ci ildə keçirilən Azərbaycan yarışı da dramatik anlarla yadda qalmışdı. Yenə də çempionatın iki əsas favoritinin – Maks Ferstappenlə Lyuis Həmiltonun sıradan çıxması və Serxio Peresin Red Bull ilə ilk qələbəsini qazanması.
Maks Ferstappen yarışı birinci yerdə aparırdı və yarışın bitməsinə sadəcə 4 dövrə qalmışdı. Maks Bakıdakı ilk qələbəsi, Alov Qüllələri fonunda podiumda şampan partlatmaq barədə düşünürdü, ancaq 47-ci dövrədə maşınının təkəri partladı və o, start-finiş düzlüyündə mübarizəni dayandırdı. Onun qəzası zamanı görünən “Experience Azerbaijan” posteri isə əsl yerinə düşürdü. Maks doğrudan da “Azərbaycan təcrübəsi” – Bakı Şəhər Halqasında hər an hər şey ola bilər – yaşayırdı. Lyuis Həmilton isə yarışın restartında ilk döngəni ala bilməyərək, 2018-ci ilin Avstriya yarışından sonra ilk dəfə xalsız qalırdı. Serxio Peres isə daha əvvəl iki dəfə üçüncü olaraq podiuma yüksəldiyi Bakı Şəhər Halqasında qələbəni bayram edirdi. Bu, eyni zamanda meksikalı sürücünün Red Bull ilə ilk qələbəsi idi.
2022-ci il – Red Bull-dan Bakıda ilk qələbə dublu
2022-ci ildə titul uğrunda mübarizə Maks Ferstappenlə Şarl Lekler arasında gedirdi. Azərbaycan yarışının gedişində də iki sürücü birinci yer uğrunda mübarizə aparırdılar. Ancaq yarışın 20-ci dövrəsində monakolu pilotun maşınından dumanlar çıxmağa başladı və o məcburən yarışı dayandırmalı oldu. Maks Ferstappen isə yarışı qazanararaq, Bakı Şəhər Halqasındakı altıncı yarışda altıncı fərqli qalib olurdu. Serxio Peres yarışı ikinci yerdə bitirərək, Red Bull-a Azərbaycanda ilk qələbə dublunu gətirirdi.
2023-cü il – Serxio Peres ikiqat qələbə ilə Bakı sindromunu məhv edir
Müasir Formula 1-də “Bakı sindromu” deyilən bir şey var idi. Belə ki, 2016-2019 və 2021-2022-ci illərdə Bakı Şəhər Halqasında keçirilən 6 yarışda 6 fərqli sürücü – Niko Rosberq, Daniel Rikkardo, Lyuis Həmilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qalib gəlmişdi. Lakin Serxio Peres 2023-cü ildə paytaxtımızda ikinci dəfə qalib gələrək, bu sindroma son qoydu və eyni zamanda Red Bull Azərbaycanda 4-cü yarışını qazanaraq, qələbə sayında Mercedes-i geridə qoydu – 4-3. Bundan başqa meksikalı sürücü Bakımızda 2023-cü ildə keçirilmiş yeganə sprint yarışında da qalib gəlmişdi. Peresin paytaxtımızdakı bu uğurlarından sonra meksikan F1 fanatları Azərbaycanı ikinci vətənləri olaraq təyin etdilər.
Gördüyünüz kimi Azərbaycanda keçirilmiş 8 yarışın 5-də Red Bull komandasının izləri var. Ən çox yaddaqalan qələbə, ən çox yaddaqalan qəza, ardıcıl 6 yarışda 6 sürücünün qələbəsi, Bakı sindromunun qırılması, Azərbaycanda keçirilən yeganə sprint yarışında qələbə… Hamısında Avstriya təmsilçisinin izləri var. Bəs bu il? Red Bull Azərbaycan küçələrində yeni iz qoyacaq?
Şərh əlavə et