Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Çox əsəbiləşdim

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko Azərbaycan Qran Prisindəki sıralanma turunun nəticələrindən məmnun qalıb. Red Bull-un bütün dörd sürücüsü finala yüksəlib. Bununla belə, 82 yaşlı avstriyalı etiraf edib ki, sessiya ərzində xeyli həyəcan keçirib.

Kokpit.az xatırladır ki, Bakıda keçirilən sıralanma turunda Red Bull komandasının sürücüləri Maks Ferstappen və Yuki Tsunoda müvafiq olaraq birinci və altıncı yerləri tutublar. Racing Bulls sürücüləri Liam Louson üçüncü, Ayzek Hacar isə səkkizinci olublar.

Helmut Marko: “Sıralanma turunda çoxlu maneələr oldu – sarı və qırmızı bayraqlar. Sonra yağış çiskinləməyə başladı, sonra isə tamamilə dayandı. Belə olanda əsəbiləşdim.

Yarış üçün strategiyamız artıq pozuldu, çünki planlaşdırılandan daha çox təkərdən istifadə etmək məcburiyyətində qaldıq. Davamlı dayanmalara görə dəfələrlə təkərləri dəyişmək lazım oldu.

Biz artıq cümə günü yarış tempində liderlərlə eyni sürəti göstərə bildiyimizi sübut etmişdik. Üstəlik, burda startdan birinci döngəyə qədər məsafə qısadır, buna görə də Maksın liderliyi itirəcəyindən çəkinmirik.

Sürücülərimiz kifayət qədər çətin şəraitdə əla iş gördülər. Mövsümdə ikinci dəfədir ki, bütün maşınlarımız sıralanma turunda ilk onluğa düşür”.

Mümkün yağış ehtimalını şərh edən Helmut Marko əlavə edib: “Əgər güclü yağış yağsa, bu, heç də xoş olmayacaq. Hətta çox təhlükəli də ola bilər. Yaxşı start alsaq, əlverişli mövqedə olarıq, ancaq yağış altında hər şey baş verə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et