Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan-2025: Maksdan Bakıda ikinci qələbə!

Bu il Bakıda əsl payız havası var – güclü külək və sərin hava dünəndən etibarən nəticələrə öz birbaşa tərisini göstərməyə başlayıb.

Kokpit.az xatırladır ki, ilk və son məşqlərdə Lando Norris, ikinci məşqlərdə isə Lyuis Həmilton protokollara başçılıq edib. Artıq məşqlərdə keçənilki poul nəticəsi üstələnib. Dünən baş tutan və rekordlara imza atan xaotik sıralanma turunda isə Maks Ferstappen inamlı dövrə ilə poulun sahibi olub.

Yarışa ilk cərgədən Ferstappen və Sayns, ikinci cərgədən Louson və Antonelli, üçüncü cərgədən isə Rassell və Tsunoda başlayıblar. Çempionatın favoritləri Norris və Piastri isə griddə müvafiq olaraq, yeddinci və doqquzuncu mövqedə qərarlaşıblar. Dünən diskvalifikasiya olunan Okon isə pit yolundan start alıb.

Pirelli bura ən yumşaq üçlüyü – C4, C5 və C6 tərkiblərini müvafiq olaraq, Hard, Medium və Soft rolunda gətirib. Medium təkərlər sıralanma turunda həlledici rol oynayıb. Ferstappen, Rassell, Tsunoda, Həmilton, Bortoleto, Berman, Hülkenberq, Qasli və Okon sərt, qalan sürücülər isə orta təkərlərlə mübarizəyə başlayıblar.

Startda Ferstappen yerini qoruyub, hamı ehtiyatlı start alıb. Həcər Norrisi üstələyib. Piastri 18-cı sıraya qədər geriləyib və 6-cı döngədə divara çırpılaraq yarışı dayandırıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Elbon və Okon dərhal pit-stop edib. TM arxasında 2-ci dövrədə ilk onluq: Ferstappen – Sayns – Louson – Antonelli – Rassell – Tsunoda – Hacar – Norris – Lekler – Həmilton.

Hülkenberq və Okon arasında da təmas yaşanıb. Okon TM arxasında ikinci dəfə təkər dəyişib. Piastri və Norrisin startda vaxtından əvvəl yerindən tərpənmələri stüardlar tərəfindən nəzarətə götürülüb.

Restart 5-ci dövrədə verilib. Maks yerini qoruyub. Rassell Tsunodadan geri qalıb. Artıq yarışı dayandırmış Piastriyə isə 5 saniyəlik cəza verilib. Eyni cəzaya Alonso da məruz qalıb. 6-cı döngənin ilk metrlərində Norris Həcərdən yerini geri alıb. Hülkenberqlə Okonun insidenti də nəzarətə götürülüb.

Lekler Norris və Həcəri üstələyib. Bir qədər sonra Həmilton da gənc sürücünü geridə qoymağı bacarıb. Rassell Tsunodaya ardıcıl hücumlar edib və nəhayət 10-cu döngədə istəyinə çatıb. Bortoleto da Alonso ilə mübarizədə üstün olub.

Elbon Qaslini 15-ci döngədə ötüb. Elbon 16-cı dövrədə ikinci dəfə pit-stop edib. Okon Qaslini keçib. Həmilton səhvə yol versə də, maşını divarlardan qoruya bilib. Elbonla Kolapinto insident yaşayıb, lakin yollarına davam edə biliblər – argentinalı sürücü xeyli vaxt itirib.

Liderlərdən ilk olaraq Antonelli 19-cu dövrədə təkərlərini dəyişib. Elbona Kolapinto ilə olan insidentə görə 10 saniyə cəza verilib. Antonellidən bir dövrə sonra Lekler təkərlərini dəyişib. Louson 21-ci dövrədə təkərlərini dəyişərək trasa Antonellinin düz önündə qayıdıb. Lakin dövrənin sonunda Kimi onu geridə qoyub.

Alonso 22-ci dövrədə yeni təkərlərə keçib, lakin bir qədər sonra Elbondan geri qalıb. Bortoleto 27-ci, Sayns 28-ci, Həcər 30-cu dövrədə pit-stop edib. 35-ci dövrədə Bortoleto Hülkenberqi, Elbon isə Okonu geridə qoyub. Həmilton 37-ci dəqiqədə təkərlərini dəyişib. Bir dövrə sonra isə Norris anoloji addımı atıb.

Stroll 38-ci, Tsunoda isə 39-cu dövrədə pitə dəvət edilib. Tsunoda pit yolundan çıxarkən səhvə yol verib və Lousonun gerisində qalıb. 40-cı dövrədə isə Rassell pit-stop edib və trasa Saynsın önündə qayıdıb. Nəhayət, 41-ci dövrədə də yarışın lideri Ferstappen Medium təkərlərə keçib. 41-ci döngədə ilk onluq: Ferstappen – Rassell – Sayns – Antonelli – Louson – Tsunoda – Norris – Lekler – Həmilton – Həcər.

Elbon 16-cı döngədə yüngül yağış damcılarının göründüyünü bildirib. Tsunoda Həcərə hücumlar edib, lakin Ayzek yaxşı müdafiə olunub. Norris onları yaxından izləyib.

Maks Ferstappen Bakı Şəhər Halqasında ikinci, mövsümdə dördüncü, karyerasında isə 67-ci qələbəsinə sevinib. Niderlandlı sürücü Piastrinin yarışı yarımçıq saxlaması fonunda çempionatdakı xal fərqini xeyli əridib. Corc Rassell yarışı ikinci yerdə başa vurub. Podiumu isə Karlos Sayns tamamlayıb.

Mübarizə iki həftə sonra daha bir şəhər trasında 0 Sinqapurda davam edəcək…

Elçin Zodorov

Şərh əlavə et