Xəbəri Kokpitdə Oxuyun!

Red Bull komandasının sürücüləri Azərbaycandakı cümə günündən sonra bildiriblər ki, onlar yarış tempinə fokuslanıblar.

Maks Ferstappen Azərbaycan Qran Prisində ikinci sərbəst yürüşdə altıncı nəticəni göstərib. Red Bull Racing komandasının pilotu nikbin ovqatdadır və sıralanma turunda rəqiblərlə gərgin mübarizəyə hazırlaşır. Yuki Tsunoda isə liderə bir saniyədən çox uduzaraq protokolda on dördüncü yeri tutub.

Maks Ferstappen (6-cı): “Hər şey problemsiz keçdi. Maşının idarəolunması pis deyil və bu, pozitiv haldır. Kifayət qədər spesifik trasda stabil balans tapa bildik və bu, bizə lazım olan əsas şey idi.

Burada yaxşı nəticə göstərmək üçün bütün elementləri birləşdirmək lazımdır. Hələ də sürətli dövrədə bir qədər sürət çatışmır, buna görə həm maşında, həm də məndə artım potensialı var. Ümid edirəm, sabah daha yaxşı çıxış edəcəyik.

Uzun məsafəli seriyada hər şey qaydasındadır. Bakıda asfalt adətən sürüşkən olur, buna görə Soft təkərlərə çətinlik düşür, amma bu gün hər şey normal idi.
Gözləyirəm ki, bir neçə komanda arasında gərgin mübarizə getsin. Belə vəziyyətdə hər şey ideal dövrə göstərməkdən asılı olacaq”.

Yuki Tsunoda (14-cü): “Cümə günü hər şey yaxşı keçdi, amma sıralanma tempində artım potensialı var. Ümumilikdə bu gözlənilən idi, çünki ikinci yürüşdə komanda demək olar ki, bütün diqqətini maşının yarış tempində sürətinə yönəltdi.

Bu baxımdan hər şey çox yaxşıdır – bu il hələ belə yaxşı vəziyyət görməmişdim. Taktikamız işləyir və bu, sevindiricidir. Ən azı uzun məsafədə.

Bu trasda əyləcdə özünəinam çox vacibdir və bu gün sıralanma tempimdə sürətə daha çox diqqət ayıracağıq. Ancaq dediyim kimi, yarış tempində maşın sürətlidir və bu, ümidvericidir”.

Rauf Hacıyev

Şərh əlavə et