Kokpit.az xatırladır ki, ilk və son məşqlərdə Lando Norris, ikinci məşqlərdə isə Lyuis Həmilton protokollara başçılıq edib. Artıq məşqlərdə keçənilki poul nəticəsi üstələnib.
Pirelli bura ən yumşaq üçlüyü – C4, C5 və C6 tərkiblərini müvafiq olaraq, Hard, Medium və Soft rolunda gətirib. Bir çox sürücü Medium təkərləri sıralanma turu üçün saxlayıb.
İlk sessiyada hamı Soft tələrlərlə trasa çıxıb. İlk cəhdlərdə Lekler sürətli olub. Sessiyanın 7-ci dəqiqəsində qırmızı bayraqlar dalğalanıb – Elbon ilk döngədə divarla toqquşub və asılqanı zədələyib. Onun maşınının təxliyə edilməsi bir neçə dəqiqə çəkib və 8 dəqiqəlik fasilədən sonra yaşıl bayraqlarla sessiya davam etdirilib.
Fasilədən sonra yenə hamı ən yumşaq təkərlərlə boksları tərk edib. Bir neçə dəqiqə sonra yenidən qırmızı bayraqlar peyda olub. Bu dəfə Hülkenberqin 4-cü döngəyə girə bilməməsi qəza ilə nəticələnib və ön qanadı qırılıb. Antonellinin qırmızı bayraqlardan əvvəlki nəticəsi isə trası tam tərk etdiyi üçün sayılmayıb.
Fasilə bu dəfə də 8 dəqiqə davam edib. McLaren və Red Bull sürücüləri Medium təkərlərə keçiblər. Norris 1:41.322 ilə ilk yeri tutub. son dəqiqələrdə yenə qırmızı bayraqlar görünüb – Kolapinto dördüncü döngənin çıxışında səhv edərək baryerlə toqquşub. Bununla da sessiya başa çatıb. Elbon, Qasli, Okon, Hülkenberq və Kolapinto mübarizəni dayandırıblar.
İkinci sessiya fasilələrə görə yalnız 16:48-də start götürüb. Alonso, Sayns, Berman orta, qalanları isə yumşaq təkərlərlə trasa çıxıblar. Həcər təhlükəsizlik cibinə girib, lakin trasa qayıda bilib. Bir qədər sonra isə bugünün 4-cü qırmızı bayraqları trasda peyda olub, çünki Bermanın maşını texniki ikinci döngədə divarla təmasdan sonra yolda dayanıb.
Fasilədən sonra sürücülər trasa qayıdıb. Rassell, Antonelli, Alonso və Sayns sarı təkərləri seçiblər. Lekler ilk döngədə səhvə yol verərək trasdan çıxıb. Norrisin 1:41.396-lıq nəticəsi ən yaxşı olub, Lakin Ferstappen onu üstələyib – 1:41.255. Berman, Stroll, Bortoleto, Həmilton və Alonso üçün mübarizə başa çatıb.
Son sessiyada Louson və Həcər Soft, qalanları Medium təkərlərlə trasa çıxıb. Rassell dördüncü döngədə səhvə yol verib. Bir qədər sonra isə burada son 4 ildə poulun sahibi olmuş Leklerin qəzası növbəti qırmızı bayraqlara səbəb olub – monakolu sürücü 15-ci döngədə səhvə yol verib. Elə bu əsnada trasda yağış damcıları görünməyə başlayıb.
Fasilədən sonra Ferstappen, Rassell və Antonelli Medium təkərlərdə qalıblar, qalanları isə Soft təkərlərlə mübarizəyə davam ediblər. Növbəti qırmızı bayrağa isə çempionatın lideri Oskar Piastrinin üçüncü döngədəki qəzası səbəb olub.
Mübarizə davam edib, Sayns və Antonelli sarı, qalanları qırmızı təkərlərlə trasa çıxıblar. Bir çox sürücü nəticəsini yaxşılaşdırıb, lakin Ferstappenin nəticəsi qarışısıalınmaz olub – 1:41.117!
Beləliklə Maks Ferstappen Bakıda ilk, mövsümdə 6-cı, karyerasında isə 46-cı poulunu qazanıb. Sabahkı yarışa onunla ilk cərgədən Karlos Sayns başlayacaq. İkinci cərgədə Lyam Louson və Kimi Antonelli, üçüncü cərgədən isə Corc Rassell və Yuki Tsunoda start alacaqlar. Çempionatın favoritləri olan McLaren pilotlarından Lando Norris yeddinci, Oskar Piastri isə doqquzuncu yerdən mübarizəyə qoşulacaqlar.
Bizi çox maraqlı yarış gözləyir. Bakı Şəhər Halqasında 9-cü yarış sabah 15:00-da başlayacaq.
Şərh əlavə et