Əvvəlcə Amori Kordilin ən yaxşı nəticəsi ləğv edilib – stüardlar hesab etdilər ki, Rodin Motorsport sürücüsü 13-cü döngədə səhv edərək, qırmızı bayraqların yeganə səbəbi olub. Nəticədə bir neçə sürücü öz sürətli dövrəsini yarımçıq saxlamalı qalıb. Belçikalı pilotun hadisəsi Formula 2-nin İdman Reqlamentinin 33.5-ci maddəsinin pozuntusu kimi qiymətləndirilib.
Stüardların bu qərarından sonra Kordilin nəticəsi poul vaxtından hesablanan 107 faiz limitindən zəif olsa da, ona həm sprint, həm də əsas yarışın startına çıxmağa icazə verilib. Amma o, hər iki yarışa sonuncu yerdən başlayacaq.
İkinci cəza ART komandasının sürücüsü Viktor Martenə veriib. 24 yaşlı fransız pilot 3-cü döngədə idarəetməni itirərək, qəza törədib və qırmızı bayraqların səbəbkarı olub. Nəticədə onun da ən yaxşı nəticəsi silinib. Marten cümə sessiyasını 4-cü yerdə başa vurmuşdu, amma cəzadan sonra 13-cü sıraya geriləyib və yarışlara da həmin mövqedən start verəcək.
Rоman Stanekin (Invicta Racing) insidenti daha ciddi nəticələrə səbəb olub. O, 1-ci döngədə trasdan çıxaraq geri qayıdarkən Van Amersfoort Racing sürücüsü Con Bennettlə toqquşub. Sessiya qırmızı bayraqla dayandırılıb və bir daha bərpa olunmayıb. Çex sürücünün ən yaxşı nəticəsi ləğv edilib. Beləliklə o, 9-cu yerdən 12-ci yerə geriləyib. Bundan əlavə, o, hər iki yarışın startında beş yer itirəcək və yarışlara 17-ci yerdən başlayacaq.
Dördüncü cəza isə AIX Racing komsandasının sürücüsü, paraqvaylı Coşua Dürksenə verilib. O, trasdan kənara çıxaraq, təhlükəli şəkildə geri qayıdıb və Trident komandasının debütantı Lorens van Höpenə mane olub. Lakin hadisə sarı bayraq zonasında baş verdiyi üçün sürətlər yüksək deyildi, bu da yüngülləşdirici hal kimi qiymətləndirilib. Nəticədə Dürksen yalnız bir start yeri itirib və hər iki yarışa 15-ci yerdən başlayacaq.
Şərh əlavə et