Montsa yarışında pit-stopda gecikmə səbəbindən Oskar Piastri komanda yoldaşını qabaqlamış, lakin daha sonra komandanın istəyi ilə mövqeyini Landoya geri qaytarmışdı. Bu qərar çoxlarına xoş gəlməmişdi.
Oskar Piastri: “Düşünürəm ki, bu mövsüm ötən ildən çox fərqlidir. 2024-cü ildə mübarizə sonuncu yarışadək davam etdi və həmin yarış da hadisələrlə zəngin oldu. Amma bu il tam aydındır ki, McLaren-in maşını çox daha yaxşıdır və komanda öz işini əla görür.
Bu il çempionatda qələbəmizin qaçılmazlığı daha aydın hiss olunur və bu çox gözəldir. Çünki bu, komandanın hər bir üzvünün gördüyü böyük işin göstəricisidir. Mənim bəxtim gətirib ki, məhz bu maşını idarə edən adam mənəm və bizim ümumi nailiyyətlərimizlə fəxr edirəm.
Təbii ki, indi Montsasa baş verənlər barədə çox danışılır. Komandada yaxşı söhbət etdik, bir çox məqamı aydınlaşdırdıq və indi qalan yarışlarda necə hərəkət edəcəyimizi bilirik. Bu isə ən vacibidir. Amma bu məlumatı paylaşmaq istəmirik, çünki rəqiblər bilsələr, bizim üçün iş asan olmayacaq. Ümumiyyətlə, Bakıdakı həftəsonunu səbirsizliklə gözləyirəm.
Bilmirəm, əgər Montsada qələbə uğrunda mübarizə şansım olsaydı, mövqeyi komanda yoldaşıma vermək mənim üçün çətin olardı? Yəqin ki, çətin olardı. Amma belə vəziyyətə düşmək planlarımda yoxdur. Yarışda isə pit-stop zamanı komanda yoldaşımın dayanmasında ləngimə oldu, həm də bizim boks ziyarətlərimizin ardıcıllığı təsir etdi. Komandanın mövqeləri dəyişmək qərarı buna görə verildi.
Əvvəldən bütün mümkün ssenarilər üçün addımları planlaşdırmaq mümkün deyil. Amma düşünürəm ki, biz komanda ilə eyni baxışlara sahibik və mən verilən qərarlara hörmətlə yanaşıram. Çünki bilirəm ki, hamı bu qərarların düzgün olması üçün çalışır.
Mənim üçün əsas məsələ budur: Montsada mən ikinci yeri qazanmağa layiq deyildim. Mən məhz üçüncü yerdə finiş etməli idim və bu, mənim sürətimlə bağlı idi. Bəzi məqamlarda sürətli idim, amma ümumilikdə həftəsonu kifayət qədər sürətli olmadım. Bu, mənim üçün əsas dərs oldu və qalan yarışlarda məhz buna diqqət edəcəyəm.
Bakı Şəhər Halqası çox unikal trasdır: həm çox yavaş döngələr var, həm də uzun düzlük. Qaçış zonaları demək olar ki, yoxdur. Düzdür, var, amma ordan trasa qayıtmaq üçün dönmək lazımdır. Bir tərəfdən, bu adi şəhər halqasıdır, digər tərəfdən, burada çox intensiv şəkildə əyləcləmək lazımdır. Sürəti tədricən artırmaq vacibdir, çünki həftəsonu ərzində asfaltla ilişmə artır.
Digər şəhər traslarından fərqli olaraq, burada əyləclərə maksimum diqqət yetirmək çox vacibdir. Çünki bunun hesabına ya çox vaxt qazana bilərsən, ya da itirə bilərsən. Həm də risk var ki, maşının müəyyən hissələrinə ziyan dəysin”.
Şərh əlavə et