Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bəxtimiz gətirmir

Aston Martin komandasının sürücüsü Fernando Alonso cümə axşamı Bakıda bu ilki bəxtsizliklərindən və gələn il üçün ümidlərindən yenidən danışıb…

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İtaliya yarışında xal almağa yaxın olsa da, çınqıllara görə arxa asılqanı qırılıb və mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Fernando Alonso: “Montsadan sonra bazar ertəsi və ya çərşənbə axşamı mənə dedilər ki, problem asılqanın sınması olub. Səbəb istehsalatda və ya keyfiyyətə nəzarətdə deyil – sadəcə daş detallardan birinə dəyib və o, kifayət qədər möhkəm olmayıb.

Bu detal həmişə zəif nöqtə olaraq qalacaq, amma səbəb kimi bu, on milyon haldan birinə təsadüf edir. Ona görə də ümid edirəm ki, növbəti on milyon yarışda belə bir nasazlıq yaşamayacağam.

Yarışlarda hər şey ola bilər. Xatırlayıram, 2022-ci ildə Alpine yaxşı maşına sahib idi, amma məndə on iki dəfə yarışı yarımçıq saxlama halı olmuşdu – məhz beşinci və ya altıncı getdiyim vaxtlarda. Komanda onda təxminən 55-60 xal itirmişdi. Bu il Aston Martin-də isə hələlik təxminən 22 xal itirmişik.

Çox təəssüf ki, yaxşı nəticəyə layiq olduğumuz yarışlarda finişə çata bilmirik, amma maşının sürəti çatmayanda və rəqabətədavamlı olmayanda hər şey problemsiz keçir, finişə gəlirik, amma xal qazanmırıq. Bu belədir, bu idmanın təbiətidir.

Əsas odur ki, gələn il yaxşı maşınımız olsun. Ümid edirəm, bəxt də bizim tərəfimizdə olacaq. Mən xüsusi bəxt istəmirəm, sadəcə normal şans kifayətdir”.

Rauf Hacıyev

Şərh əlavə et