Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Qran Prisinə gətirilən yeniliklər

On komandadan yalnız dördü Azərbaycan Qran Prisinə diqqətəlayiq texniki yeniliklər gətirib. Bununla belə, dəyişikliklərin siyahısı kifayət qədər qısadır.

Ferrari

Maranelloda yalnız bir dəyişiklik barədə məlumat verilib. Bu, Formula 1-də “ön bucaq” adlanan – yəni ön təkərlər ətrafında yerləşən şassi elementləri, asılqan və ön əyləc qovşaqlarına aiddir. Şarl Lekler və Lyuis Həmiltonun maşınlarına daha iri ölçülü ön əyləc hava kanalları quraşdırılıb.

Hava kanalının çıxış hissəsi böyüdülüb – bu da Bakının özünəməxsus xüsusiyyətləri ilə bağlıdır, çünki burada əyləclər daha yüksək yüklənmə altında işləyir.

Red Bull Racing

RB21-də əksinə, dəyişikliklər “arxa bucaq” sahəsinə aiddir. Burada “şassiyə bərkidilmiş qanad qovşağının yenidən profilləşdirilməsindən” söhbət gedir. Milton-Kinsdən olan mühəndislərin açıqlamasına görə, bu “kiçik konstruksiya dəyişikliklərinin” məqsədi – hava axınının sabitliyini qorumaqla həmin qovşağın səmərəliliyini artırmaqdır.

Mercedes

Mercedes-in açıqlamasına görə, W16-da ön qanadın profili dəyişdirilib, onun tənzimlənən səthi bir qədər daraldılıb. Bu, maşında bu həftəsonu aşağı yüklənmə üçün nəzərdə tutulmuş arxa qanadın istifadə olunması fonunda düzgün aerodinamik balans əldə etmək üçün edilib.

Racing Bulls

Faentzalı komanda iki texniki yenilik barədə məlumat verən yeganə kollektiv olub.
Birincisi, ön əyləc hava kanallarının geometriyası dəyişdirilib. Bu, Bakı Şəhər Halqasının tələblərinə uyğun olaraq əyləclərin soyudulma səmərəliliyini artırmaq məqsədilə edilib. İkincisi, oxşar dəyişikliklər arxa əyləc hava kanallarına da şamil olunub.

Rauf Hacıyev

Şərh əlavə et