Formula 2-də sıralanma turu trasda aparılan işlərin bir qədər ləngiməsi səbəbindən gec başlayıb. Daha sonra bütün maşınlar eyni anda boksdan çıxıb və bu da hər zamankı kimi bir qədər qarışıqlıq yaradıb.
İlk olaraq protokola Cek Krouford başçılıq edib, amma onu dərhal Qabrielle Mini və Roman Stanek qabaqlayıblar. Lakin sessiya tez bir zamanda qırmızı bayraqlarla dayandırılıb – Amori Kordil 13-cü döngədə maşınını güclü şəkildə zədələmişdi.
Bununla belə, sessiya müvəqqəti dayandırılmadan əvvəl Aleks Dann sürətli dövrəsini tamamlamağa imkan tapıb və 1:55,846 nəticə ilə ilk sıraya yüksəlib. Bu yalnız başlanğıc idi – məsələn, ötən il Bakıda keçirilən sıralanma turunda Riçard Ferşor ən yaxşı dövrəsini 1:54,857 nəticə ilə göstərmişdi.
Restartdan sonra fərqlənən Krouford olub: DAMS komandasının amerikalı pilotu Ferşorun ötənilki nəticəsini 0,066 saniyə qabaqlayaraq 1:54,791 zaman nəticəsi göstərib. Bu vaxt nə Dann, nə də Formula 2-yə liderlik edən Leonardo Fornaroli səhvlərə görə nəticələrini yaxşılaşdıra bilməyiblər.
Ancaq Fornaroli tez toparlanıb və növbəti cəhdində dövrəni ikinci nəticə ilə başa vuraraq, Krouforda cəmi 0,019 saniyə uduzub.
Bütün sürücülər təzə təkər üçün pit-leynə qayıdıblar və sessiyanın sonuna 10 dəqiqədən az qaldığı vaxt trasda görünüblər. Zaman məhdud olduğu üçün Invicta komandası Fornaroliyə tıxac səbəbindən itkiləri minimuma endirməyi və boksdan çıxış dövrəsində ləng maşınları ötüb keçməyi məsləhət görüb.
Amma ümidlər puç olub. Əvvəlcə Viktor Marten güclü qəza törədib – 3-cü döngədə yüksək sürətdə maşına nəzarəti itiibi. Zərbə o qədər güclü idi ki, sağ tərəfin ön asılqanı tamamilə dağılıb, Dallara-nın burun hissəsi alovlanıb və marşallar yanğınsöndürənlərdən istifadə etmək məcburiyyətində qalıblar. Təcrübəsinə baxmayaraq, Marten bu mövsüm dalbadal uğursuzluqlarla üzləşir. Yoxsa problem tamamilə başqa yerdədirmi?
Sessiyanın sonuna dörd dəqiqədən az qalırdı və nəzəri olaraq daha bir cəhdə vaxt vardı. Amma Bakı marşalları trasdakı baryeri bərpa etdikdən və sürücülər son şans üçün trasa çıxdıqdan dərhal sonra sessiya yenidən qırmızı bayraqlarla dayandırılıb. Bu dəfə səbəb Stanek və Con Bennettin (Van Amersfoort Racing) qəfil insidenti olub. Roman birinci döngədə trayektoriyanı tutmayaraq, çınqıllığa çıxıb, amma təhlükəsizliyə əmin olmadan trasa geri qayıtmağa çalışıb. Elə həmin anda yüksək sürətlə gələn Bennettlə toqquşub. Karbon qırıntıları ətrafa saçılıb, hər iki maşın baryerlərə çırpılıb və sessiya dərhal dayandırılıb. Yenidən başlamağa artıq ehtiyac yox idi.
Beləliklə, bazar günü yarışına Cek Krouford pouldan start alacaq. Bu, onun karyerasında ikinci belə nəticəsidir – ilk dəfə ən yaxşı vaxtı apreldə Ciddədə göstərmişdi. Qeyd edək ki, Səudiyyə Ərəbistanının şəhər trası uzun düzlükləri ilə Bakıya bənzəyir.
Birinci cərgədə onunla yanaşı Leonardo Fornaroli, ikinci cərgədə isə Qabrielle Mini və bu günün bədbəxtlərindən olan Viktor Marten olacaq. Ümid edək ki, onun maşını ciddi zədələnməyib və ART mexanikləri sabahkı sprintə qədər təmir işlərini başa çatdıracaqlar.
Şənbəgünkü qısa yarışa pouldan Sebastyan Montoya start almalıdır – əgər bugünkü nəticələr mümkün cəzalar səbəbindən dəyişdirilməsə… Hazırda o, protokolda 10-cu yerdədir.
Qeyd etmək lazımdır ki, bu gün Trident komandası üçün debüt edən iki sürücüdən biri, Martinius Stenshorn, kifayət qədər yaxşı nəticə göstərərək 8-ci yeri tutub. Onun hollandiyalı komanda yoldaşı Lorens van Xupen isə yalnız 20-ci ola bilib.
Şərh əlavə et