Xəbəri Kokpitdə Oxuyun!

Gələn mövsüm də 6 sprint yarışı olacaq

Formula 1 və FİA 2026-cı il mövsümündə şənbə günləri sprint yarışının keçiriləcəyi altı trası açıqlayıb.

Kokpit.az bildirir ki, ilk iki mərhələ gözlənilən olub – ardıcıl üçüncü il Şanxay və Mayami həftəsonlarına şənbə sprinti daxil ediləcək.

Daha sonra, bu formatın 2021-ci ildə tətbiqindən bəri ilk dəfə olaraq, şənbə sprinti Silverstounda baş tutacaq. Monreal, Zandfort və Sinqapur isə ilk dəfə sprintli həftəsonuna ev sahibliyi edəcəklər:

13–15/03 — Çin — Şanxay
01–03/05 — ABŞ — Mayami
22–24/05 — Kanada — Monreal
03–05/07 — Böyük Britaniya — Silverstoun
21–23/08 — Niderland — Zandfort
09–11/10 — Sinqapur — Sinqapur

Muhammed bin Sulayem: “Hər il sprintli həftəsonları daha çox maraq cəlb edir, trasda gərgin mübarizə və azarkeşlər üçün əlavə əyləncə təmin edir. Yeni nəsil maşınların və yeni reqlamentin təqdim olunacağı 2026-cı ilin əlamətdar mövsümü ərəfəsində bu formatın bizim ambisiyalarımıza uyğun inkişaf etdiyini görməkdən məmnunam.

Bu siyahıya yeni trasların daxil edilməsi, sevilən köhnələrin geri qayıtması ilə yanaşı, promouterlərin, komandaların və azarkeşlərin dəyişməz həvəsini əks etdirir. Biz FOM, komandalar, rəsmilərimiz və pilotlarla sıx əməkdaşlığı davam etdirəcəyik ki, sprint formatı çempionatın inkişafına töhfə versin”.

Stefano Domenikali: “2021-ci ildən tətbiq olunan sprintli həftəsonu formatı getdikcə daha da populyarlaşır. Ənənəvi həftəsonundan fərqli olaraq dörd yarış sessiyası təqdim etməklə, bu mərhələlər azarkeşlərimiz, televiziya tərəfdaşlarımız və promouterlərimiz üçün hər gün daha çox hadisə vəd edir, nəticədə tamaşaçı sayını və izləyici auditoriyasını artırır.

2026 mövsümü yeni qaydalar erası olacaq, buna üç yeni sprint məkanının əlavə olunması isə həftəsonlarına daha çox dramatizm qatacaq. Mən FİA-ya, bütün promouterlərə, tərəfdaşlarımıza, marşallara, könüllülərə və yerli idman klublarına təşəkkür etmək istəyirəm. Hamımız səbirsizliklə 2026 mövsümündə azarkeşlərimizə daha çox inanılmaz yarış və emosiyalar bəxş etməyi gözləyirik”.

Elçin Zodorov

Şərh əlavə et